Milli Yaylaq Festivalı başa çatdı - ƏRDOĞANIN OĞLU MƏRASİMƏ QATILDI

 

Gədəbəyin Miskinli yaylağında Milli Yaylaq Festivalının təşkilinə Azərbaycanla yanaşı Türkiyənin də aidiyyəti qurumları dəstək verib. APA TV-nin qərb bürosunun məlumatına görə, festivala qardaş ölkədən də qonaqlar qatılıb. Festival iştirakçılarını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından salamlayan Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan ölkəmizin türk dünyasına verdiyi töhvələrin, bir çox sahədə inkişafının göz önündə olduğunu bildirib: Festival türkdilli ölkələrin ortaq mədəniyyətinin tarixi və təbliği baxımdan da önəmli tədbir kimi qiymətləndirilir. Milli Yaylaq Festivalının keçirildiyi Gədəbəy dağlarına Qırğızıstandan da qonaqlar gəlib: “Biz ilk dəfədir ki, belə festivalda iştirak edirik. Biz bu festivalda milli oxatma sənətimizi təmsil edirik. Həm də milli musiqi alətlərimizlə çıxış edəcəyik. Bizim xalqımız türk xalqları ailəsinə aiddir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan bu ailədəndir. Buna görə də biz bu festivalı dəstəkləyərək iştirak etmək qərarına gəldik”. “Mən Qazaxıstan Milli Sənət Universitetini təmsil edirəm. Qazax milli musiqisinin təbliği ilə məşğulam. İlk dəfədir belə tədbirdə iştirak edirəm. Azərbaycan və onun mədəni tarixi ilə bağlı çox eşitmişəm. Bu festival bütün türkdilli xalqları bir yerə toplayıb. Bizi qədim tarix birləşdirir”. Qeyd edək ki festival şərti olaraq mədəni-etnoqrafik, milli idman oyunları, eko-etnoturizm adlı 3 hissədən ibarətdir. Festival müddətində ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan müxtəlif etnik qrupların mədəni proqramları və nümunəvi çıxışları da maraqla qarşılanıb. Yaylaq festivalının eko-etnoturizm hissəsində isə turistlər üçün köhnə ənənəvi üslubda düzəldilmiş yurdlarda qalmaq imkanı yaradılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR