Milli Qəhrəmanın doğum günündə ailəsi məzarını ziyarət etdi
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günündə məzarı ziyarət edilib.
1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olan Əliyar Əliyev 1992-ci ilin oktyabrında şəhid olub. Əliyar Əliyev doğulduğu kənddə dəfn olunub.
Ermənilər Qubadlını işğalda saxladığı müddətdə şəhid Əliyar Əliyevin qəbir daşlarını söküb aparıb. Qubadlı işğaldan azad olunduqdan sonra Milli Qəhrəman Əliyar Əliyev və onunla eyni anda şəhid olan sürücüsü Əlisadət Ağayevin məzarları yenidən bərpa olunub.
Şəhidin ailə üzvləri məzarı ziyarət etdikdən sonra Qəzyan kəndinə gedib, ermənilərin xarabalığa çevirdiyi evlərini ziyarət ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat məsələləri üzrə müavini olub. 1992-ci il sentyabrın 30-da Laçın rayonu istiqamətində gedən döyüşə rəhbərlik edib.
Həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini dörd gün ərzində ermənilərdən azad ediblər.
Milli Qəhrəmanın son döyüşü 1992-ci il oktyabrın 3-də Laçın şəhərinin yaxınlığında olub.
“Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olublar.
Onlar Qubadlıda eyni məzarlıqda dəfn olunub.
Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib