Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq – BNA XƏBƏRDARLIQ ETDİ
Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə müraciət edib.
APA TV-nin məlumatına görə, müraciətdə bildirilir ki, dövlətin həyata keçirdiyi profilaktik və sanitar maarifləndirmə tədbirlərinə baxmayaraq, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda infeksiyanın yayılmasına şərait yaradan hallara yol verildiyi müşahidə olunur.
BNA-nın mətbuat katibi Mais Ağayev APA TV-ə açıqlamasında bildirib ki, dayanacaq, nəqliyyat mübadilə mərkəzlərinin ərazisində gözləyərkən və avtobuslarda səyahət edərkən sərnişinlər tibbi maskadan istifadə etmir: "Bu kimi sosial məsuliyyətdən kənar davranışlar sərnişindaşımaların təşkili baxımından olduqca təhlükəlidir. Mövcud vəziyyət sürücülər və dispetçerlər arasında yoluxma riskini ciddi şəkildə artırır ki, bu da nəticə etibarı ilə marşrut xətlərinin fəaliyyətinin dayanmasını qaçılmaz edir”.
Bu cür xoşagəlməz halların yolverilməz olduğunu vurğulayan Mais Ağayev sərnişinləri anlayışlı və sosial məsuliyyətli olmağa dəvət edib: “Bildiririk ki, ictimai nəqliyyatda Koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə birmənalı riayət olunmalıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən də ictimai nəqliyyatda maskadan istifadə məcburidir”.
Qeyd edək ki, qoruyucu maskadan istifadə etməyən sərnişinlərin ictimai nəqliyyatda hərəkəti məhdudlaşdırılacaq.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi