Maşınlar əzildi, yol bağlandı, yaralılar var - BAKIDA, SUMQAYITDA, MİNGƏÇEVİRDƏ
“Bu gün səhər saatlarından başlayan güclü külək fəsadsız ötüşməyib. Paytaxtın bir sıra ərazilərində küləyin əsməsi nəticəsində ağaclar qırılaraq yola düşüb. Belə ərazilərdən biri də Səbail rayonu, Zorge küçəsindədir. Hazırda gördüyünüz kimi yola düşən ağacın götürülməsi işləri aparılır”. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin aşan budaqlardan biri yaxınlıqdakı maşının üstünə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Hadisə şahidləri məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat verib: “Hadisə birinci dəfə deyil. Bir ay bundan qabaq da belə bir hadisə oldu. Ofisin maşınlarının üstünə düşdü. İndi mənim başıma düşəcəkdi. Allah məni saxladı. Mən qırağa çəkildim. Haradasa saat 2 tamamda bu hadisə baş verib”. Hadisə yerinə gələn birliyin əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədilə aşan ağacı kəsərək ərazidən daşıyıblar: “Hazırda küləyin əsməsi nəticəsində yıxılan ağacları doğrayıb yerindən götürürük. Qırılanların yerinə yəqin ki, ağaclar əkəcəyik”. Bənzər vəziyyət Səbail rayonunun digər ərazisində - Nizami 135 ünvanında da qeydə alınıb. Burada isə bir neçə ağacın budaqları sınaraq aşıb: “Deməli 12 radələrində oldu. Külək qopdu. Külək qopan kimi uşaqlar var idi burada, meydançada, onlar qışqırışdı. Birinci o yandan başladı elə bil. Dalınca ora bərk uçdu. Sonra keçdi arada mütəmadi 1 saat, 2 saat arası silkələndi. Bu səfər o yanda. O qabaq var ha siz çəkmisiniz ora düşdü. Sonra bu yaxında 40 dəqiqə olar plaşadkada. Həmin momentdə yaşlı bir qadın keçirdi. Həmin qadının başına düşə bilərdi”. Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bitkilərin mühafizəsi şöbəsinin müdir Orxan Məmmədovun sözlərinə görə, ağacların budaqlarının sınması və kökündən qopması nəticəsində 40-a yaxın müraciət daxil olub. Paytaxtın müxtəlif yerlərində 8 avtomobil əzilib. Güclü külək Sumqayıtda bədbəxt hadisələrə səbəb olub. Müxtəlif ərazilərdə yoldan keçən 1962-ci il təvəllüdlü Yetər Zeynalovanın başına dam örtüyündən qopan şifer parçası, valideyni ilə gəzən 2009-cu il təvəllüdlü Qədəlili Aylin Sadiq qızının başına ağacdan qırılan budaq düşüb. 10 yaşlı qızın vəziyyəti ağırdır. Mingəçevirdə isə külək böyük çinar ağacını aşırıb. Xəsarət və hər hansı bir ziyan qeydə alınmasa da yola düşən ağac nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Aşan ağac doğranaraq hissə-hissə ərazidən daşınıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."