15:50 11 may 2022 189
Ana səhifə Xəbərlər

Masazırdakı bu mənzillərin sahiblərinə çıxarışlar verilir

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı səyyar xidmətlər vətəndaşların yaşadıqları ünvanlarda davam etdirilir.

 

APA TV xəbər verir ki, növbəti belə tədbir Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsində yerləşən “Rahat Həyat” və “Bağçalıevlər” MTK-ları tərəfindən inşa edilmiş yaşayış binalarını əhatə edib.

 

Səyyar xidmət zamanı vətəndaşlara hüquqi məsləhət xidmətləri ilə yanaşı, vətəndaşların qeydiyyat prosesi və sənədlərlə bağlı verdikləri suallar da cavablandırılıb.

 

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 Saylı Abşeron Ərazi Dairəsinin rəisi Fuad İbrahimov deyir ki, bu xidmət sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edə biləcəklər: “Heç bir vaxt itkisi olmadan, sakinlər yaşadıqları ərazini tərk etmədən, bizim mobil ofislərə yaxınlaşaraq ilkin hüquq müəyyən edici sənədləri təqdim edir, həmçinin daha öncədən müraciət etmiş şəxslər var, hansılar ki, onların da sənədləri hazırdır. Onlar da eyni qaydada bizim avtobusa yaxınlaşaraq mülkiyyəti təsdiq edən pasportları əldə edirlər”.

 

Təklif edilən səyyar xidmətlər sayəsində yaşayış komplekslərində mövcud olan 7 000-dən artıq mənzilin sahibi mülkiyyəti təsdiq edən sənədlər əldə edə biləcəklər.

 

Qeyd edək ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ölkə üzrə müxtəlif şəhər və rayonlarda səyyar qeydiyyat xidmətlərinin göstərilməsi davam etdiriləcək.

 

 

Nərmin Murad,

Kamran Namazov,

APA TV

 

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın