Lerikdə heyvanlar arasında xəstəlik yayılıb – TƏLƏFAT VAR
Lerik rayonunun Zeynəko kəndində heyvanlar arasında xəstəlik yayılıb. APA TV-nin cənub bürosunun xəbərinə görə, iribuynuzlu heyvanlarda tapılan xəstəlik tələfata da gətirib çıxarıb. Zeynəko kəndində iribuynuzlu mal-qara arasında xəstəlik bir aya yaxındır yayılıb. Kənd sakini Pərviz Titayevin sözlərinə görə, son iki gün ərzində 1500 manat dəyərində olan 1 inəyi ölüb, digər 4 heyvan da xəstəliyə yoluxub: “Təxminən 1 ay olar davam edir bu xəstəlik. 5 baş heyvanım xəstə idi, onlardan biri tələf olub, dördü qalıb. Onlardan 2-si sağalıb və birinin vəziyyəti pisdir”. Kənd sakini Çingiz Ağayevin sözlərinə görə, xəstəlik heyvanlarda temperaturun yüksəlməsi ilə başlayır, heyvan qidadan kəsilir, halsızlaşır, burnundan su axır, gözləri tutulur. Bədəninin müxtəlif hissələrində diametri 2-3 santimetr olan şişlər əmələ gəlir və bədən hərarəti yüksəlir: “8 baş heyvanım var, onun da 7-si xəstədir, bu gündədir. Keçən il qoyunlar bu gündə idilər. Ümumiyyətlə, 400-450 manat pul xərcləmişəm indiyədək, amma xeyri də yoxdur, deyim ki, inək qabağa gedir. O inəkdə 150-160 kq ət olmalıydı, indi bir dəri, bir sümük qalıb. Gözüm də su içmir, bəlkə o xəstə inəklər də öldü”. Xəstə heyvanlara Lerik rayon Baytarlıq İdarəsinin həkimləri baş çəkib. İdarənin sahə həkimi Ələkbər Quliyevin sözlərinə görə, müəyyən edilib ki, mal-qara arasında yayılan xəstəliyin adı teyleriozdur. Bu qan-parazitar xəstəliyə əsasən yüksək temperaturlu və quraqlıq ərazilərdə rast gəlinir. Teylerioza yoluxmanın birinci piki yaz aylarında, ikinci piki yay aylarında olur, nadir hallarda isə qış aylarında müşahidə edilir: “Birinci növbədə dərman preparatları ilə yuduzdurmuşuq qabaqcadan, sonra da müalicəni resept şəklində yazmışıq, müalicə davam edir”. Sakinlər onu da qeyd ediblər ki, bu xəstəlik Zeynəko ilə yanaşı, ətraf kəndlərdəki bir neçə təsərrüfatda da müşahidə olunur. Teylerioz yoluxucu xəstəlik olduğu üçün təsərrüfat sahibləri digər sağlam heyvanların da xəstəliyə yoluxa biləcəyindən narahatdır. Lerik Rayon Baytarlıq İdarəsindən bildirilib ki, xəstəliyin qarşısını almaqdan ötrü idarənin həkimləri vəziyyəti nəzarətə götürüb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."