20:57 30 noyabr 2021 294
Ana səhifə Xəbərlər

Köçkün həyatı ilə barışa bilməyən şəhid İlyas Şahvələdov - VİDEO

Vətən müharibəsinin Qəhrəman övladlarından biri haqqında danışacağıq. Ailəsi, 1992-ci ildə Laçın rayonunun Qorçu kəndindən məcburi köçkün düşən Şahvələdov İlyas Etibar oğlu, 1996-cı il avqustun 6-da ailənin sonbeşiyi kimi dünyaya gəlib. Ona Birinci Qarabağ müharibəsində şəhid olan əmisi İlyasın adını qoyublar. O da əmisi kimi torpaqların bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldı. Şəhidin anası Sədaqət Şahvələdova deyir ki, o, mərd oğul olub: “O elə bil dünya üzünə gələndə əmanət gəlmişdi. Elə bil ki, bu kinolara baxanda müharibə kinolarına baxırdı. Deyirdi ana torpağımızı belə alıb verəcəyəm. And olsun Allaha çox mərd oğul idi.” İlyasın ən böyük arzusu hərbçi olmaq idi. Torpaqları azad edən igid azərbaycanlı oğulların sırasına qatılan İlyas ailəsinin yaşadığı köçkün həyatı ilə barışa bilmirdi. İlyasın atası Etibar Şahvələdov oğlu ilə qürur duyduğunu deyir: “Mənə deyirdi ki, gör analar necə oğul doğubdu. Torpağı alıb verəcəyəm sənə. Hə, mənə deyirdi torpaqları alacam, sənin də əlindən tutub aparıb gəzdirəcəyəm torpaqlarda ata.” İlyas Şahvələdov Füzuli uğrunda gedən döyüşlərdə savaşırdı. Qəhrəmancasına da döyüşüb. Ayağından və çiynindən yaralansa da geriyə qayıtmayıb. Nəhayət, İlyas Şahvələdov oktyabrın 10-u Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailənin təsəllisi, onun vətən və millət üçün şəhidlik zirvəsinə ucalmasıdır: “Mən ölüb gedəcəyəm. Kimin yadında qalasıyam? Amma mənim balam mənim qardaşım necə ki, Azərbaycan var necə ki, Azərbaycan balaları var, elə onların hamısının qəlbində yaşayacaq. Elə bu da bizim üçün təsəllidir.” İlyas Etibar oğlu Şahvələdov ölümündən sonra “Füzulinin azad olmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edib. Şəhidin ölümündən sonra ailəsi dövlət tərəfindən evlə təmin olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın