20:22 11 may 2022 398
Ana səhifə Xəbərlər

Kəlbəcər və Laçın yaylaqlarına belə gedə bilərsiniz

Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzində təlim keçirilir.

APA TV xəbər verir ki, mayın 12-dək davam edəcək təlimlərə ümumilikdə 1000 nəfərə yaxın fermer cəlb olunub. ANAMA-nın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib.

Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.

Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il ümumilikdə Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisinə 40 minə yaxın arı ailəsinin köçürülməsi planlaşdırılır.

Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.

Artıq Qubadlı rayonu ərazisində 862 arı ailəsinin köçürülməsi təmin edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın