Jurnalistlər məhkəmə zalından birbaşa məlumat alacaq - XÜSUSİ HAKİMLƏRDƏN
“Məhkəmələrdə KİV-lə işləmək üçün xüsusi hakimlər təyin edilib. Burada əsas məqsəd KİV-lərlə birgə işləməyə xüsusi diqqət yetirməkdir”.
APA TV-nin məlumatına görə, bunu Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.
Onun sözlərinə görə, KİV-də azyaşlılara qarşı zorakılıqla bağlı məhkəmə işləri barədə sensasiya xarakterli yazıların yer alması yolverilməzdir. Bu, gələcək nəsillərə mənfi təsir edir. Məhkəmələrdə KİV-lə işləyən hakimlərin təyin edilməsi bu prosesin qarşısını ala bilər.
Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov isə deyib ki, bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb. 2 hakimin səlahiyyətlərinə xitam verilib, 6 hakim isə işdən azad olunub: “Çoxsaylı qayda pozuntuları müəyyən olunub, 14 məhkəmə sədri daxil, 100-dən artıq hakimə irad məktubu göndərilib. Bu qayda pozuntuları daha çox məhkəmələrdə vətəndaşlara qarşı olan süründürməçilik, işlərin apellyasiyaya göndərilməməsi, qəbul edilmiş qərarların icraata göndərilməməsi və başqaları daxildir”.
Ədliyyə Nazirliyi Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov isə bildirib ki, il ərzində məhkəmələr 270-280 min mülki işə baxır. İl olub ki, baxılan işlərin sayı yarım milyon olub: “Baxılan mülki işlərin 85 faizindən t tərəflər şikayət vermir. Yalnız baxılan işlərdən 16 faizindən apellyasiya şikayəti verilir. İşlərin 3-4 faizindən kassasiya şikayəti verilir. Kassasiya mərhələsində bu işlərin 1 faizə qədəri barədə aşağı instansiya məhkəməsinin qərarları dəyişdirilir. Aşağı məhkəmələrin qəbul etdiyi qərarların 90 faizi dəyişmir”.
Qeyd edək ki, Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib.
İlahə Vəliyeva, Xəyal Şükür
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək