21:09 30 noyabr 2021 337
Ana səhifə Xəbərlər

İrəvanın qanını qaraldan Bakı-Tehran görüşü: Nələr dəyişəcək?

Son vaxtlar İranın Azərbaycana qarşı mənfi ritorikadan əl çəkərək əməkdaşlığa razılığını və Vətən Müharibəsindən sonra regionda yaranan yeni geosiyasi reallıqları qəbul etdiyini müşahidə edirik. Baş nazirin müavini Şahin Mustafayevin Tehrana səfərinin ardınca Aşqabadda xarici işlər nazirləri və prezidentlər səviyyəsində keçirilmiş görüşlər tərəflər üçün bir çox məsələlər barədə ortaq mövqeyə gəlmək imkanı yaradıb.

Qeyd edək ki, İran bölgədəki yeni geosiyasi şəraiti qəbul etmək istəmir və Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla faktiki olaraq, “3+3” formatında iştirakda maraqlı olmadığını nümayiş etdirirdi. Ancaq İran sonradan mövqeyində dəyişiklik edərək yeni reallıqla barışdı.

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı da səsləndirilən fikirlər tərəflərin prinsipial əhəmiyyətə malik məsələlərdə anlaşdığını təsdiq edir. Onu da xatırlatmaq yerinə düşər ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Baş nazirin müavini Şahin Mustafayevin Tehrana səfəri zamanı Azərbaycanla münasibətlərdə gərginliyin sona çatdığını bildirmişdi.

Rəsmi Tehranın Türkiyənin və Azərbaycanın birgə layihəsi olan, Moskvanın da dəstəklədiyi regional əməkdaşlıq layihələrinə qoşulması bölgədə uzun illər mövcud olmuş Rusiya-Ermənistan-İran güc mərkəzindən ibarət geosiyasi birliyin artıq keçmişdə qaldığını göstərir.

Deputat Elman Nəsirov kanalımıza açıqlamasında dedi ki, İran prezidenti Azərbaycanın ərazi bütövlüyünü tanımaqla işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma prosesində iştirak etmək niyyətində olduğunu sərgilədi: “Bundan sonra da münasibətlərimizin inkişafı üçün geniş perspektivlər mövcuddur. Onlardan maksimum istifadə etmək və faydalanmaq lazımdır. Hesab edirəm ki, bu görüşün həm də ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Ermənistanda müəyyən siyasi dairələr hər vəchlə İranı Ermənistanın tərəfindən regionda gedən proseslərə cəlb etməyə çalışırdılar. Bu nöqteyi nəzərdən iki prezident arasında çox konsturktiv aparılan danışıqlar belə niyyətləri alt-üst etdi”

Türkiyə və Azərbaycanın təklifi ilə 3+3 formatına və Zəngəzur dəhlizi ilə bağlı rəsmi Tehranın mövqeyinə gəlincə isə deputat onu bildirdi ki, bu layihələrin işə düşməsi İranın da iqtisadi maraqlarına cavab verir: “İran beynəlxalq sanksiyalar altında olan dövlətdir. Bu vəziyyətdə Azərbaycan dövləti çox azsayılı  dövlətlərdəndir ki, İranla strateji tərəfdaşlıq və mehriban qonşuluq siyasətinə sadiqdir. Belə olan halda İranın Azərbaycan münasibətlərinin korlanması həm də rəsmi Tehranın maraqlarına ziddir. Hesab edirəm ki, bunu İranda da çox düzgün qiymətləndirdilər.  Atılan son addımlar ona dəlalət edir ki, iki ölkə münasibətləri yenidən öz məcrasına qayıdıb və bunda geniş perspektivlər var.”

Siyasi şərhçi Əziz Əlibəyli isə söylədi ki, İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri liderlərinin Aşqabaq görüşü İranla Azərbaycan arasındakı soyuqluğu geridə qoydu: “Azərbaycan tərəfindən başladılan missiya gec-tez İran tərəfindən öz qiymətini tapmalı idi.  İƏT –nin Aşqabad zirvə görüşü bu baxımdan əhəmiyyətli oldu ki, İran Azərbyacan arasındakı soyuqluq geridə qaldı və növbəti mərhələyə keçid üçün ciddi bir əsas yaradıldı. Azərbaycan xarici prioritet məsələlərindən biri də Zəngəzur dəhlizinin inşa olunmasıdır ki, bunun da bölgə ölkələri tərəfindən reallığın dərk edilməsidir. İranın da bunu qəbul etməsi çox önəmli idi. Hətta əməli olaraq ilkin əməkdaşlıq, yəni Türkmənistan qazının İran üzərindən Azərbaycan vasitəsilə nəql olunması razılığı oldu”

Əziz Əlibəyli onu da əlavə etdi ki, İranın nüvə məsələsinə görə qlobal səviyyədə basqı gördüyü bir vaxtda Zəngəzur dəhlizinin açılması Tehran üçün şimaldan açılan qapı deməkdir: “Bundan sonra iki ölkə arasındakı münasibətlər İranın qlobal dünyada qarşılaşdığı nüvə məsələləri ilə bağlı  üz-üzə qaldığı ciddi məsələlərdə rəsmi bakı yardım edə bilər. Çünki bütün bölgə ölkələri ilə qarşıdurma vəziyyətində olmaq müsbət heç nə vəd etmir. Əksinə İranın xilası üçün şimal tərəfdən qapı açılmış oldu. Biz gördük ki, Prezident Rəisinin də simasında İran bu həqiqəti qəbul etmiş kimi göründü”.

Ekspertin fikrincə, rəsmi Tehranın bu mövqeyi siyasi və iqtisadi oyunlardan kənarda qalmış Ermənistanı da 3+3 formatına qoşulmağa məcbur edəcək.

Fuad Sadıqov

Xəyal İskəndərov

APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın