İlham Əliyevdən siyasət dərsi: “VALDAY”DAN AŞQABADA QƏDƏR

Oktyabrın 11 və 12-də Türkmənistan paytaxtında keçirilən MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gündəliyindəki məsələlərdən biri də məhz Böyük Vətən müharibəsi - Vladimir Putinin yaddaşında dərin yara buraxan müharibənin və qazanılan qələbənin 75 illik yubileyi müzakirələri idi. Azərbaycanın dövlət başçısının çıxışı isə orda olan prezidentlərin yadından yəqin ki, heç vaxt çıxmayacaq. Xüsusi ilə Nikol Paşinyanın.

Prezident İlham Əliyevin hədəfində 1 həftə öncə olduğu kimi yenə Ermənistan və təmsilçisi idi. Bir həftə əvvəl Soçidə “Valday” müzakirələri zamanı aldığı zərbədən nokdauna düşən Nikol Paşinyan ayılmadan gəldiyi Aşqabadda əsl nokautla üzləşdi.  

Azərbaycan rəhbərinin nitqinə tutarlı və tarixi faktlarla, üstəlik sənədlərə, həm də Rusiya arxivlərində saxlanılan sənədlərə istinad edərək davam etməsi Zirvə Görüşündə iştirak edən prezidentlərin böyük marağına səbəboldu. Paşinyan təfəkkürlü adamları 30 il əvvəl tanıdığını bildirən dövlət başçısı müasir siyasət meydanın onların hakimiyyətə gəldiyi meydanlara bənzəmədiyini bir cümlə ilə izah etdi.


Uzun illər Rusiyaya və rus xalqına yarınan, əslində isə Rusiyanı yer üzündən silmək, rus xalqının kökünü kəsmək istəyən faşizmə heykəl qoyan, simpatiya bəsləyən Ermənistan rəhbərlərindən indikinin maskası sökülürdü. Paşinyanın sifəti açılmışdı, isterika keçirdiyi mimikalarından aydın görünürdü, səbəbi isə... Bütün bunlar müharibənin faciələrini və qələbədəki payı daha çox özünə aid edən Rusiya prezidentinin - mövzuya ən həssas insanlardan olan Putinin gözü qarşısında baş verirdi.

Azərbaycan Prezidentinin çıxışında dəhşətli bir faktın da üstü açıldı. Söhbət həmin illərdə yəhudilərə qarşı törədilən soyqırımda erməni canfəşanlığından və qəddarlığından gedir.

Ermənistan rəhbərliyinin cinayətkar mahiyyəti, erməni terroru hələ bu şəkildə, bu şəraitdə ifşa olunmamışdı. Azərbaycan rəhbəri Moskvaya - Kremlə “əbədi sadiqlik” obrazı yaratmağı bacaran Ermənistan rəhbərlərinin və onların xələfi Paşinyanın mahiyyətini onun maskası cırılmış üzünə ən kəskin ifadələrlə çırpırdı. Dövlət başçısı həm də vaxtı ilə Sovetlər Birliyində yaşamış “qardaş xalqlar”dan birinin əsl üzünü açdı - özəlliklə Azərbaycanın qonşusu olan bu toplumun xain və işğalçı olduğunu inkaredilməz sübutlarla təsdiq etdi.

Azərbaycan Prezidenti Böyük Vətən müharibəsində qazanılan qələbədə Azərbaycanın və azərbaycanlıların rolunu bir daha qabartdı. Dövlət başçısı həmin illərdə ön cəbhədə 600 mindən çox azərbaycanlının, arxa cəbhədə isə Bakının “qanından” keçdiyini bir daha bəyan etdi. Məqsəd haqsızlığı bir daha xatırlatmaq idi. SSRİ-ni və indi qələbəni özünə aid etmək istəyən xalqları məhv olmaqdan xilas etmək üçün yox olmaq təhlükəsini gözə alan Bakıya qarşı edilən haqsızlığı.


Prezident, Ali Baş Komandan “Valday” müzakirələrində başladığı yeni strategiyasını Aşqabadda uğurla sınaqdan keçirdi. Bəli, Prezident İlham Əliyev düşmənə, işğalçıya qarşı mübarizə üsulunu, silahı dəyişdi. Bu, Azərbaycanın dövlət başçısının siyasi məharəti ilə yanaşı, sərkərdəlik bacarığını da göstərdi.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR