Göyçayda heyva boldur, alan yoxdur
Göyçaylı fermerlər heyva yığımına başlayıb.
Fermerlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, ötən ilə nisbətən bu il məhsuldarlıq yaxşıdır. Onların sözlərinə görə, məhsul bol olsa da, satış həyata keçirməyə bazar tapa bilmirlər. Alıcılıq qabiliyyətinin aşağı düşməsi məhsulun qiymətinin aşağı düşməsinə səbəb olub. Məsələn keçən il heyvanın bir kiloqramının qiyməti 30 qəpiklə 1 manat arasında dəyişirdisə, bu il həmin rəqəm 20-70 qəpik arasında dəyişir.
Fermerlər bildirir ki, rayonda emal müəssisələrinin həddindən artıq az olması da məsulun satışında çətinliklər yaradır.
Təsərrüfatçıları narahat edən məsələ ilə bağlı Göyçay rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirdi ki, rayonda yeni emal müəssisələrinin açılması üçün iş adamlarına və aidiyyəti qurumlara müraciətlər olunub.
Hazırda isə bəzi təsərrüfatçılar sata bilmədikləri meyvəni ev şəraitində konservləşdirirlər. Sakinlər deyir ki, tərkibi müxtəlif vitaminlərlə zəngin olan heyvadan mədə bağırsaq və öskürək xəstəliklərində geniş istifadə olunur.
Qeyd edək ki, Göyçayda 6782 hektar meyvə bağı var. Bunun 2119 hektarı heyva bağlarıdır. Fermerlər bağlarda əsasən heyvanın yerli sortları olan Bağça, Bardaq və Kamil növlərinə daha çox üstünlük verirlər.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə