Ginekoloq: “Elə şəxslərin uşaqlarının xəstə doğulma ehtimalı yüksəkdir”

 

“Ana və uşaq ölümü, bunun qarşısının alınması, risklərin minimuma endirilməsi bu sahə mütəxəssislərinin kifayət qədər diqqət etdiyi məsələdir. Azərbaycanda statistika bunun azalmasını desə də, hələ də problem qalmaqdadır”.

Azərbaycanda 2007-2017-ci illərin statistikasına görə, doğuş zamanı və zahılıq dövründə 327 qadın dünyasını dəyişib. 2018-ci ildə isə doğuş zamanı 7 nəfər həyatını itirib. 2018-ci ildə yeni doğulmuş körpələrin 1868 nəfəri ölüb. Mütəxəssislər bildirir ki, hər doğulan 1000 körpədən 11-i həyat mübarizəsini davam etdirə bilmir.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bu halların səbəblərini belə açıqlayır: “Bu səbəblərin içində ən əsası hamiləlikdən əvvəl yaranmış xəstəliklərin kəskinləşməsidir. Eyni zamanda hamiləliyin özündə meydana gələn fəsadlaşmalardır. Anada olan xəstəliklər dedikdə, ürək çatışmazlığı, kardiomiyatapiyalar nəzərdə tutulur. Bəzi hallarda yeniyetmə dövründə vərəm keçirmiş və müalicəsi axıra qədər aparılmadıqda, hamiləlik vaxtı kəskinləşir. Bəzi qadınlarda hamiləlik zamanı qanın laxtalanma sistemində problem yaranır deyə, bu, qadınlarda həm hamiləliyin inkişafında, həm də doğumun özündə qanaxmalar baş verdiyindən, ana ölümləri baş verə bilir”.

Sevinc Məmmədovanın sözlərinə görə, hamiləlik dönəmində qadın məsləhətxanasına vaxtında müraciət etmək bəzən sonradan meydana gələn problemlərin qarşısını vaxtında alır: “Təəssüf ki, valideynlər ilk hamiləlik müddətində yoxlanışa tez-tez - 12, 14, 20 həftəliyinə qədər gəlirlər. Hər şey normal davam etdiyi vaxt, onların həkimə müraciətləri səngiyir. Bir də 28-30-cu həftəlikdə - əl-ayaq şişəndə, təzyiq yüksələndə görünürlər. Amma təəssüf ki, gec olur”.

Mütəxəssis ananın yaşadığı xəstəliklərin bətndə inkişaf edən dölə təsir etdiyini deyir. Onun fikrincə, qohum evliliklərinin çoxalması da körpə sağlamlığına ciddi təsir edən faktorlardandır: “Əgər ananın arterial təzyiqi yüksək olursa, onun bətnində olan körpənin də başına qan sıza bilər. Bu səbəbdən xəstəliklərin vaxtında aşkarlanıb, müalicəsi həm ananın, həm də körpənin sağlam qalmasına böyük bir zəmin yaradır. Qohum evliliyi zamanı bir sıra genetik xəstəliklər var ki, valideynlər daşıyıcı ola bilər. İki daşıyıcı qohum nikaha girdikdə, onların uşaqlarının xəstə doğulma şansı birə-beş artmış olur”.

Sevinc Məmmədova xanımlara sağlamlığın qeydinə vaxtlı-vaxtında qalmalarını tövsiyə edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR