Fuad Qəhrəmanlının qızı: “Mənə hakimiyyətdən təzyiq olmayıb”

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook" səhifəsində atası haqqında açıqlama yayıb.

APA TV-nin məlumatına görə, Selcan Yağmur atası Fuad Qəhrəmanlının ailədə həyat yoldaşına və övladlarına qarşı yol verdiyi zorakılıqlardan söz açıb.

O, atasını anasına və övladlarına qarşı zorakılıq törətməkdə, qızının dizini, həyat yoldaşının barmaqlarını sındırmaqda ittiham edib: "Hətta Əli Kərimli ailə psixoloqluğuna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?" Bəs siz Əli Kərimlinin "qonşu arvad" rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, "az, çörəyivi verir? Sus otur da". Belə gördüm ki, bu Cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı sağ yanında saxlayır - bunu başa düşdüm, kadr yoxdur - amma adam canini yox, qurbanı qınayır ki, "siz düz etmirsiniz". Qalan üzvlər də anama necə "yaxşı at özünə qamçı vurdurmaz", onu öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ hələ bütün bunları bilən adamlar niyə uşaqlar "Yağmur" soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, "hamı deyir ki o evdə Fuadı saymırlar" başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır, vallah”.

Selcan Yağmur müraciətinin sonunda atası Fuad Qəhrəmanlıdan imtina etdiyini bəyan edib.

Müraciət yayıldıqdan bir neçə dəqiqə sonra Fuad Qəhrəmanlı "Facebook" səhifəsində qızı Selcanın “Facebook” profilinin oğurlandığını yazıb: "Qızım Selcanın FB profili oğurlanıb, onun adından nə yazılsa ona aid deyil".

Selcan Yağmurun anası Zümrüd Yağmur baş verənlərlə bağlı APA-nın əməkdaşının suallarına cavab verməyib.

Daha sonra Selcan Yağmur “Facebook” üzərindən yaydığı video müraciətində atasından imtina etdiyini təsdiqləyib: “Facebook”da yazdıqlarımdan sonra belə bir iddia olunub ki, guya mənim profilim oğurlanıb. Bununla bağlı bir çox jurnalistlər mənə yazaraq açıqlama verməyimi istədilər. Mən deyilə biləcək hər şeyi o yazıda demişəm. Məsələ ilə bağlı başqa bir şey demək istəmirəm. Bu, çox ağır mövzudur. Mən o yazını 40 dəfə yazıb silmişəm. Mən günahkar deyiləm, səhv bir şey eləməmişəm. Mən bir də bu mövzu barədə danışa bilməyəcəyəm. Bir daha demək istəyirəm ki, profilim oğurlanmayıb. Mən Hollandiyadayam və mənə hakimiyyətdən təzyiq olmayıb. Yazıların hamısını özüm yazmışam. Hər kəsə belə çətin bir mövzuda dəstəyə görə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur artıq boşanma ilə bağlı məhkəməyə müraciət edib. Qəhrəmanlı Zümrüd İsrafil qızı bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR