Fəttah Heydərov vəfat etdi
Azərbaycan Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov vəfat edib.
APA TV-nin məlumatına görə, Fəttah Heydərov bu gecə 82 yaşında dünyasını dəyişib.
O, bir müddətdir, xəstəlikdən əziyyət çəkirdi.
Xatırladaq ki, Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1955-ci ildə Nehrəm kənd orta məktəbini, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini, 1975-ci ildə Bakı Ali Partiya Məktəbini bitirib.
Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbazar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləyib, 1970-1990-cı illərdə Naxçıvan şəhər və Ordubad rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
1976-1978-ci illərdə Naxçıvan Muxtar SSR-də Əhaliyə Məişət Xidməti naziri işləyib.
1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan Muxtar Respublikasında Mədəniyyət naziri işləyib.
1990-1995–ci illərdə Naxçıvan Muxtar Respublikasında Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il), IV (2010-cu il), V (2015) çağırış Milli Məclisinin deputatı olub. 9 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası VI çağırış Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri idi.
SSRİ-nin “Şərəf nişanı” ordeni (1975) və medallarla təltif edilib.
20 fevral 2008-ci ildə Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni, 22 fevral 2013-cü ildə “Şərəf” ordeni, 22 fevral 2018-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi