Fəttah Heydərov: “Heydər Əliyev Azərbaycan xalqını ayağa qaldırdı”

Respublika Ağsaqqallar Şurası və "Azərbaycan" qəzetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş "Azərbaycan tarixinin Heydər Əliyev dövrü: qüdrətli dövlət, güclü xalq, möhtəşəm inkişaf" mövzusunda konfrans keçirilib.

APA TV-nin məlumatına görə, tədbirin açılışında çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub.

O qeyd edib ki, SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərindən ilk yerlərdə qərarlaşıb: "Həmin gün və həmin vaxt bugünkü müstəqil Azərbaycanın bu səviyyədə inkişaf etməsi dünya miqyasında tanınması, Azərbaycanımızın nümunəvi, tolerantlıq, sülh dövləti olması ilə nəticələndi. Ağsaqqalların hər birinin xatirəsində o günlər parlaqlıqla yaşayır”.

Azərbaycanın 1990-1993-cü illərdə üzləşdiyi problemlərdən, torpaqlarımızın işğalından danışan F.Heydərov deyib ki, Heydər Əliyev Naxçıvanı işğaldan qoruyub: “Heydər Əliyev ilk dəfə hakimiyyətə gələndə bütün fəaliyyətini xalqın rifahına, xalqın inkişafına, Azərbaycan torpaqlarının barlı-bərəkətli olmasına, insanların yaşayış səviyyəsinin yüksəldilməsinə, Azərbaycan insanının iş qabiliyyətinin artırılmasına, Azərbaycan gənclərinin təhsilinə, hətta xarici ölkələrdə oxumasına, Azərbaycan mədəniyyətinin inkişafına, elmin inkişafına təkan verdi”.

F.Heydərov qeyd edib ki, ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışından sonra da eyni əqidəyə və amala xidmət etdi: “Nə qədər Azərbaycan xalqı və nə qədər müstəqil Azərbaycan dövləti var, Heydər Əliyev anılacaqdır. Müstəqil Azərbaycan dövlətinin fundamenti o qədər möhkəm təməllər üzərində quruldu ki, Prezident İlham Əliyev 16 ildir bu yolla gedir və dövlətimizi dünya dövlətləri içərisində çox uğurla tanıdır”.

Çıxış edənlər Heydər Əliyevin sovetlər dönəmində və müstəqillik illərində fəaliyyətindən söz açıb.

Tədbir çıxışlarla davam edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR