Ermənistan ordusu Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə 2 ədəd raket atıb
Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc sakinlərini və yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında düşmən Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə 2 ədəd "Smerç" tipli raket atıb. Raketlər kənd sakinləri Qafqaz Bəhmən oğlu Yaqubova və Bəylər Zahid oğlu Şirinova məxsus fərdi yaşayış evinin həyətinə düşüb.
Dərhal hadisə yerinə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları cəlb olunub. Agentliyin bölmə müdiri Bəhruz Namazov bildirib ki, xoşbəxtlikdən düşmənin atdığı "Smerç" tipli raketlər partlamayıb: “Təxirəsalınmaz əməliyyat qrupu dərhal hadisə yerini işarələdi. Hazırda həmin raketlərin zərərsizləşdirilməsi üçün tədbirlər davam edir”.
Əməkdaşlarımız Tapqaraqoyunlu kəndində "Smerç" tipli raketin düşdüyü həyətlərdə olublar. Sakinlər bildiriblər ki, düşmənin dinc əhali arasında xof yaratmaq cəhdləri əbəsdir, kənddə həyat öz axarı ilə davam edir.
Qafqaz Yaqubov: “Burda oturmuşduq. Bir də gördük vızıltı ilə gəldi raket. Baxdıq ki, biri qabaqdakı həyətə düşüb. O birinin düşdüyü yeri bilmədik. Bir də qonşu dedi, ay bala, bəs o biri hara düşdü? Bu evin həyət qapısı bağlı idi, tez açdım. Baxdıq ki, bura düşüb, amma partlamayıb. Gördük, erməni başı kimi uzanır burda”.
Nurəli Əmiraslanov: “Baxmayaraq ki, raket atəşləri kəndə tökülür, biz həmişə olduğu kimi, evimizdə, öz iş-gücümüzdəyik. Çünki biz ordumuza inanırıq. Onların hər zaman yanındayıq. Tezliklə qələbənin bizim olacağını bilirik”.
Teymuraz Vəliyev: “Kənddə uşaqdan-böyüyə hamı yerində, hamı öz işindədir. Bizi heç nə ilə qorxuda bilməzlər. Həyat öz axarında davam edir kənddə”.
Hazırda prokurorluq əməkdaşları raketin düşdüyü ərazidə zəruri istintaq tədbirləri həyata keçirir.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub