Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
APA-nın məlumatına görə, məktubda deyilir:
“Cənab Prezident, əziz qardaşım.
Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.
Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.
Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir.
Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.
Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm”.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"