Elina Hacıyevanın vəkilləri mətbuat konfransı keçirib

Bakıdakı 162 saylı məktəbin keçmiş direktoru Sevinc Abbasovanın barəsindəki ev dustaqlığı imkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi üçün Bakı Apelyasiya Məhkəməsinə şikayət edilib. APA TV-nin məlumatına görə, bu barədə təhsil aldığı 162 saylı məktəbdə intihar etmiş Elina Hacıyevanın yaxınları və vəkilləri Azər Nağıyev, Sevinc Əliyeva və Emin İsayevin iştirakı ilə keçirilən mətbuat konfransında bildirilib. Konfransda çıxış edən vəkil Sevinc Əliyeva deyib ki, bu günə qədər mühüm 4 vəsatət verilib. Bunlardan biri həkim ekspertizası keçirəcək komissiyanın tərkibinə dünyanın tanınmış ekspertlərindən birinin daxil edilməsidir. Lakin bu vəsatət rədd edilib: “Digər şəxslərin, o cümlədən həkimlərin səhvi nəticəsində bu sahədə istədiyimiz şəkildə araşdırma aparılmır”. Vəkil Azər Nağıyev bildirib ki, istintaq düzgün istiqamətdə getmir: “Yeganə təqsirləndirilən məktəbin direktoru Sevinc Abbasova barədə ev dustağı qətimkan tədbiri həyata keçirilib. Biz bu qərarın uzadılması ilə bağlı da şikayət vermişik. Hesab edirik ki, onun barəsində həbs qətimkan tədbiri seçilməlidir”. Elinanın valideynləri də istintaqın gedişinə görə narahatlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu işdə günahkarın kim olduğunu bilmək istəyirlər. Xatırladaq ki, bu ilin aprelin 4-də 14 yaşlı Elina Hacıyeva oxuduğu 162 saylı məktəbin 3-cü mərtəbəsindən özünü atıb. O, 1 saylı Mərkəzi Klinik Xəstəxanasında keçinib. Faktla bağlı cinayət işi açılıb, məktəbin direktoru Sevinc Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR