Əli Həsənov: “Bu, Azərbaycan millətinin adına bir ləkədir”

“Siyasi partiyalar Azərbaycan cəmiyyətinin aparıcı siyasi institutlarıdır. Bu səbəbdən dünən keçirilən tədbirdə təkcə siyasi partiyalar deyil, digər vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, KİV nümayəndələri, hakimiyyət təmsilçiləri də təmsil olunurdu. Belə tədbirlər bütün dövrlərdə aktual olub. Həmçinin Azərbaycan dövlətinin yürütdüyü siyasətə uyğundur. “

 

Bu fikirləri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Siyasi partiyalar siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda keçirilən tədbir haqqında jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, 1993-cü ildən başlayaraq Azərbaycanda prezident Heydər Əliyevin rəhbərliyi ilə vətəndaş həmrəyliyi, milli birlik siyasəti yürüdülür: “Biz həmrəyliyi, milli birliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk və bunun alternativini də görmürük. Dialoqun da bilirsiniz ki, əksi qarşıdurmadır, insanların, təşkilatların bir-birinə qarşı qanunların imkan verdiyi çərçivədə və yaxud qeyri-qanuni çərçivədə apardığı mübarizədir. Ona görə də dialoqu biz yüksək dəyərləndiririk. İstənilən halda dialoq Azərbaycan cəmiyyəti üçün həmişə aktualdır, vacibdir”.

 

Əli Həsənov qeyd edib ki, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları, KİV təmsilçiləri öz fəaliyyətlərini bununla məhdudlaşdırmayacaq. Gələcəkdə də başqa mövzularda -  həm daxili, həm də xarici siyasətlə bağlı məsələlərdə birgə dialoq masasına yatıraraq müzakirə edəcəklər.

“Bu təşəbbüslər söyüş müxalifətinin qarşısını ala biləcəkmi?” sualına cavab olaraq Prezidentin köməkçisi bildirib ki, bu qəbildən olan insanlara müxalifət demək olmaz:Onlar Azərbaycanın sərhədlərini müxtəlif yollar, vasitələrlə və yaxud müxtəlif səbəblərlə tərk ediblər. Xarici ölkələrdə hərəsi özünə bir vasitə ilə sığınacaq tapıb. Çox təəssüfləndirici hal odur ki, onlar artıq anti-Azərbaycan dairələrinin əlində silaha çevrilib. O cümlədən bu anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onları Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, birinci növbədə Azərbaycanlı adına bir ləkədir, Azərbaycan millətinin adına bir ləkədir. O cümlədən insanlarımızın gündəlik davranışının, gündəlik həyatının acılayıcı bir həqiqətidir”.

 

Əli Həsənov qeyd edib ki, həmin insanlar nə vaxtsa özlərində müdriklik, Azərbaycan xalqına məxsus dəyərlər nümayiş etdirərək yollarından çəkiləcəklər: “Çəkilməyənlərin isə könüllü seçimidir. Sağlam Azərbaycan vətəndaşları bunlara nifrət edir və milli-mənəvi dəyərlərimizə zidd olan fəaliyyət nümunələrinə həmişə nifrətlə yanaşırlar”. SİTATIN SONU

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR