Əli Əhmədov Yevlaxda YAP-ın regional müşavirəsini keçirdi
Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi Əli Əhmədov Yevlax rayonuna səfər edib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, partiyanın Yevlax rayon təşkilatının Gənclər Birliyinin fəalları ilə görüşən hökumət rəsmisi daha sonra Yeni Azərbaycan Partiyasının bölgə partiya təşkilatlarının regional müşavirəsinə qatılıb.
Müstəqil Azərbaycanın keçdiyi tarixi və şərəfli yol barədə gənclərə ətraflı məlumat verən Əli Əhmədov hərc-mərcliyin, sosial-iqtisadi xaosun, hərbi böhranın və separatizmin tüğyan etdiyi bir məmləkətdə dövlətçilik ənənələrinin formalaşdırılması, xalqın və dövlətin böhrandan çıxarılaraq dinamik inkişaf yoluna çıxarılmasının birmənalı olaraq Heydər Əliyevin adı və möhtəşəm xidmətləri ilə bağlı olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycan gəncləri kifayət qədər vətənpərvər, dövlətinə və Prezidentinə sədaqətlidirlər: “Aparılan məqsədyönlü gənclər siyasəti də məhz ölkə gənclərinin rifahına və yüksəlişinə xidmət etməyi nəzərdə tutub. Bu gün Yeni Azərbaycan Partiyası sıralarında da kifayət qədər perspektivli, sağlam düşüncəli və yaradıcı vətənpərvər gənclər yer alır. Biz dövlətinə, xalqına, Prezidentinə sədaqəti ilə seçilən gənclərə bundan sonra da dəstək verməkdə davam edəcəyik. İstəyirik ki, gənclərimiz fəal şəkildə ölkənin ictimai-siyasi həyatında iştirak etsin. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Hesab edirəm ki, gənclər, o cümlədən yevlaxlı gənclər bu seçkilərdə daha mütəşəkkil şəkildə iştirak etməlidir. Cənab Prezident İlham Əliyev gənclərimizi sevir və onlara böyük ümid bəsləyir. İnanıram ki, gənclərimiz də cənab Prezidentin siyasi kursunu bəyənir və hər zaman müdafiə edir”.
Əli Əhmədov əlavə edib ki, bəzi xarici anti-Azərbaycan qüvvələrin milli birliyimizə yönəlik təxribatçı əməlləri qarşısında gənclər daha ayıq və diqqətli olmalı, pozucu əməllərə qarşı qəti vətənpərvər mövqe nümayiş etdirməlidirlər.
Daha sonra Baş nazirin müavini Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, beynəlxalq qurumların mövqeyi və dövlətin konkret hədəfləri barədə gənclərə ətraflı məlumat verib.
Əli Əhmədov və onu müşayiət edən şəxslər daha sonra Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrında Yeni Azərbaycan Partiyası Yevlax, Goranboy rayon və Mingəçevir şəhər partiya təşkilatı fəallarının iştirakı ilə təşkil olunan regional müşavirədə iştirak edib.
Ehtiram Muradov
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi