DİN: Koronavirusla əlaqədar Şəkinin giriş-çıxışlarında postlar qurulub
Şəkidə karantin rejimi ilə əlaqədar polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA TV-yə verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişikliyə əsasən gecə 00:00-dan etibarən Şəki şəhəri və rayonun Kiş kəndinin giriş-çıxışlarında postlar qurulub.
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların əsgərləri tərəfindən həmin postlarda, eləcə də şəhər və Kiş kəndinin daxilində gücləndirilmiş rejimdə xidmət aparılır.
Postlarda operativ və xüsusi nəqliyyat vasitələri, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla digər nəqliyyat vasitələrinin giriş-çıxışı dayandırılıb.
Bundan əlavə, şəhərdaxilində yerləşən iri marketlərdə, ictimai iaşə müəssisələrində və sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində polis əməkdaşları və hərbi qulluqçular tərəfindən birgə reydlər təşkil olunur. Sosial məsafəni gözləməyən, tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır və bu tədbirlərin vətəndaşların sağlamlığı üçün həyata keçirildiyi onların diqqətinə çatdırılır. Edilən xəbərdarlıqlara və aparılan maarifləndirici söhbətlərə baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Qeyd edək ki, kafe, restoran və digər ictimai iaşə müəssisələri bu müddət ərzində axşam 21:00-dək fəaliyyət göstərəcəklər.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub