Dayısını öldürən şəxsin dəstəsində qadın da olub - TƏFƏRRÜAT

 

Liman şəhər sakinin meyiti yaşadığı evdən tapılıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, meyitin kimliyi müəyyənləşdirilib. 63 yaşlı Eyvaz Məcid oğlu Yusubov evində qətlə yetirilib.

Qətl Liman şəhəri, R.Rza küçəsi 129 ünvanında törədilib. Bu küçədə Eyvaz Yusubovu “Usta Rafael” kimi tanınb. Eyvaz Yusubovun bacısı oğlu və digər 2 şəxs onu qətlə yetirdikdən sonra üzərindəki əşyaları da götürərək hadisə yerindən uzaqlaşıblar. Eyvaz Yusubov su mühərriklərinin təmiri ilə məşğul olub. Qonşu ifadələrindən aydın olur ki, Eyvaz kişi heç kimlə işi olmayan, çevrəsində hörmət qazanan adam olub. Onun övladları və həyat yoldaşı Bakıda, özü isə Limandakı evində tək yaşayıb. Xərçəng xəstəliyindən əziyyət çəkib.

Qətlin üstü “isti izlər”lə açılıb. Meyitin müayinəsi zamanı onun üzərində zorakılıq ələmətləri aşkarlanıb, baş, alın-təpə, burun nahiyəsində əzilmiş yaralar, burun sümüyünün və sol 5-ci qabırğanın sınıqları aşkar olunub. Əlamətlərə nəzər yetirdikdə, küt alətlə vurulduğu aydın olub, lakin boyun nahiyəsinin sıxılmasından yaranmış mexaniki asfiksiya da ölümə səbəb ola biləcək hal kimi qiymətləndirilib. Cinayətin tamah məqsədilə Liman şəhər sakinləri - 1969-cu il təvəllüdlü, E.Yusubovun bacısı oğlu Vidadi Hüseynov, tanışları - 1987-ci ildə anadan olan Vüsalə Mirzəyeva və 31 yaşlı Emil Quliyevin ilə razılığa gəlməklə törədiklərinə əsaslı şübhələr yaranıb. Hər 3 şübhəli tutularaq istintaqa cəlb edilib. Yerli sakinlər hər 3 şəxsin narkotik aludəçisi olduğunu bildirib. Onlardan 2-si əvvəllər məhkum olunub. Mərhumun həyat yoldaşı bir neçə gün əvvəl qətldə şübhəli bilinən şəxslərin Eyvaz Yusubovun cibindən 500 manat pul oğurladığını iddia edir. Qətl günü isə mərhumun telefonunun, eləcə də 1800 manata yaxın pulunun aparıldığı etiraf olunub.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR