Davam edən istilər - NƏQLİYYATDA KONDİSİONERLƏR İŞƏ SALINIRMI?

“Havaların isti keçməsi ictimai nəqliyyatda, ən əsası avtobuslarda kondisioner məsələsini yenidən gündəmə gətirir. Hazırda az sayda xətdə bu sarıdan problem olmasa da, əksər marşrutlarda sərinləndirici sistemlər mövcud deyil. Problemdən ən çox əziyyət çəkən isə sadə vətəndaşlardır”.

 

“Uzun məsafəli yollarda işləyən avtobuslara kondisioner qoymurlar. Elə olur ki, pəncərələri açırlar. Ondan sonra içəridə qırğın-dava düşür. Və insanlara pis təsir edir. Amma elə bil, bir az üstündə işləsələr, eləsələr, köhnə avtobuslara da kondisioner qoysalar, pis olmaz”.

 

“Vallah çox çətindir. Yəni gənclər dözür. Ürəyi xəstə insanlar ola bilər, hamilə qadınlar ola bilər, ondan sonra yaşlı qadınlar, ağsaqqallar... Bunları düşünmək lazımdır Onlar üçün çox əziyyətdir. Yəni biz dözürük, biz gəncik, amma onları düşünmək lazımdır. Bu yəqin ki, çox böyük maliyyə tələb etməz. Olsa, yaxşı olar, həm gənclər üçün, həm də yaşlı nəsİl üçün”.

 

Sorğumuz onu deməyə əsas verir ki, Bakı və Bakı ətrafı qəsəbələrə işləyən marşrut xətlərindəki avtobusların çoxunda sözü gedən problem mövcuddur. Əksər avtobuslarda kondisionerlərin olmaması sərnişinlərdə havasızlığa, halsızlığa, ətrafa isə xoş olmayan tər qoxusunun yayılmasına səbəb olur. Maraqlı burasıdır ki, sürücülər də sərnişinlərlə həmfikirdir və bu kimi halların onların iş rejiminə, yolda diqqətli və səbirli olmalarına mənfi təsir etdiyini deyir: “İsti işləməyə çətinlik yaradır. Kondisionerli avtobus olsa, daha rahat olar. Bizim üçün də rahat olar, camaat üçün də. Belə vəziyyətdə bəzən qapıları açıq qoymağa məcbur oluruq, qapısı açıq vəziyyətdə sürürük. Bu da təhlükəlidir, çətinlik yaradır”.

 

Problemin həlli ilə bağlı məlumat əldə etmək üçün biz də öz marşrutumuzu Bakı Nəqliyyat Agentliyi istiqamətinə yönəltdik. Mətbuat katibi Mais Ağayev narazı əhalinin ürəyinə sərinlik gətirən açıqlamalar verdi: “Sərinləndirmə sistemi olmayan avtobusların eyni zamanda texniki parametrləri də qoyulan tələblərə cavab vermir. Bu səbəbdən də həmin avtobuslarda sərinləndirmə sisteminin quraşdırılması sərfəli deyil. Ümumiyyətlə, həmin avtobusların xətdən çıxarılması və yeniləri ilə əvəzlənməsi zərurəti var. Bu aydan başlayaraq paytaxtımıza 300 yeni avtobusun mərhələ ilə gətirilməsinə start veriləcək. Hansı ki, gətirilən yeni avtobusların hər birində çox müasir havalandırma, sərinləndirmə və isitmə sistemləri mövcuddur”.
 

Məsələnin başqa tərəfi də var. Bəli, Bakı küçələrində hərəkətdə olan avtobusların heç də hamısı kondisionersiz deyil. Amma deyəsən, sərnişinlərlə həmfikir olub, istilikdən şikayət edən sürücülərdən fərqli olaraq, idarə etdiyi nəqliyyat vasitəsində kondisioner olan sürücülər əksinə, istini çox sevir. Və nə salondan gələn narazılıq, nə də tər qoxusu onları narahat etmir: “Çox yerdə rast gəlmişəm. Kondisioner olan avtobuslarda da kondisioner işləmir. Onun səbəbini də demirlər ki, nə üçün işləmir”.

         
BNA-nın və daşıyıcı şirkətlərin sözügedən sürücülər barədə tədbirlər gördüyünü bildirən M.Ağayev qeyd etdi ki, vətəndaşlar tərəfindən daxil olan şikayətlərin hər biri araşdırılır: “Bəzən olur ki, sərinləndirmə sisteminin söndürülməsinin səbəbi sürücü ilə bağlı olmur. Deyək ki, avtobusun özündə nasazlıq, çatışmazlıq olur. Bu səbəbdən sərinləndirmə sisteminin fəaliyyətində qısa fasilə yaranır. Dərhal həmin avtobus istehsalat sahəsinə qaytarılır və problem aradan qaldırılır. Amma bəzi hallarda olur ki, sürücülər tərəfindən sərinləndirmə sistemləri işlədilmir və bu məsələ də araşdırılır”.

 

Ümid edək ki, mərhələli şəkildə paytaxtımıza gətirilməsi planlaşdırılan yeni avtobuslarda bu problem ən azından gələn ilin yayında yaşanmayacaq.

 


 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR