Daha 3 rayonun vəzifəli şəxsləri işdən çıxarılaraq barələrində cinayət işi açıldı
Daha bir neçə icra nümayəndəsi işdən çıxarılıb, barələrində cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Sabirabad, Ağcabədi və Tərtər rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxsləri xüsusi karantin rejimi dövründə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında qanunazidd hallara yol veriblər.
Araşdırmalarla Sabirabad rayon İcra Hakimiyyətinin rayonun Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mehman Cəfərov və rayonun Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İqbal Əliyevin Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə göndərilmiş ərzaq yardımını özlərinin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə payladıqları, həmçinin onların xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verdiyi müəyyən olunub.
Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İmran Həsənov, Aran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məzahir Əmirahov və müavini Allahverdi Hüseynovun da vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqları məlum olub.
Bundan başqa, Tərtər rayon İcra Hakimiyyəti Başçısının Mamırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Məmmədov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilib.
Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.
Toplanmış materiallar üzrə Sabirabad, Ağcabədi və Tərtər rayon prokurorluqlarında cinayət işləri başlanıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi