“Cənnət yolçusu” filminin təqdimatı olub

 

“Cənnət Yolçusu” sənədli filminin təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərsəyə gəlib. Tədbiri “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı açıb. Film Ağdərə və Kəlbəcərin müdafiəsində iştirak edən igid azərbaycanlı zabitlərimizdən biri Bəhram Ağakişiyevin həyatından bəhs edir. O, Qarabağ müharibəsi veteranıdır və “Birinci batalyon”unun yaranmasında fəal iştirak edib. O, kəşfiyyat taqımının komandiri kimi bir sıra mühüm əməliyyatlarda fərqlənib, döyüş tapşırıqlarını layiqincə yerinə yetirib. Təqdimatdan sonra qonaqlar film haqqında təəssüratlarını bölüşüb. Prezident Administrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev də filmin çox maraqlı alındığını deyib: “Döyüşçü cənnət yolçusudur. Allaha doğru gedən yolda iştirak eləyən insandır. Bəhram müəllim həqiqətən də layiqli oğuldur. Adətən qəhrəmanlara o böyük təltiflər həlak olduqdan sonra təqdim olunur. Amma canlı insanı, qəhrəmanı görmək və onunla həyatda birlikdə ünsiyyətdə olmaq böyük fəxarət mənbəyidir”. Daha sonra Bəhram Ağakişiyev çıxış edərək, filmin bütün Qarabağ döyüşçülərinə həsr olunduğunu bildirib: “Qəhrəman Pəncəli Teymurovun bir sözü var. O deyirdi ki, mən həmişə vətənim üçün, xalqım üçün, torpağım üçün qan tökməyə can verməyə, şəhid olmağa hazıram. Və şəhid oldu. Mən də eynilə o sözləri təkrar edirəm. Mən vətənim üçün qan tökməyə, can verməyə, şəhid olmağa hazıram. Yaşasın Azərbaycan”. Mərasimin sonunda Bəhram Ağakişiyevə “Səməd bəy Mehmandarov” medalı təqdim edilib. Qeyd edək ki, filmin ssenari müəllifi İlham Tumas, rejissoru Nicat Cəlilovdur.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR