Çarəsiz qalan Girdəni camaatı: İNFEKSİYALI SU, SÜRÜŞƏN ƏRAZİ, TƏHLÜKƏLİ KÖRPÜ
Lənkəranda çay sahilində yaşayan sakinlər həm körpünün, həm də evlərinin uçacağından narahatdır. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Girdəni kəndində eyniadlı çayın sahilində yaşayan ailələr illərdir sel sularından, torpaq sürüşməsindən əziyyət çəkir. Kənd sakinləri deyir ki, yağış yağanda çayın su səviyyəsi qalxır və 200-ə yaxın ailənin həyətyanı, eləcə də əkin sahələrinin bir hissəsi su altında qalır. Nəticədə çayın üzərində olan, həmçinin kəndin mərkəzində yerləşən körpü üçün də təhlükə yaranır. 50 ildən çoxdur istifadəyə verilmiş və üzərindən avtomobillər keçən körpü sahil-bərkitmə işlərinin aparılmaması ucbatından dağıla bilər: “2 il ardıcıl sürüşmədən xeyli torpaq gedib, orada əkilən ağaclar, sitrus bitkilərini çay özü ilə aparıb. Bu həm bizə ziyandır, həm də körpü üçün təhlükə ola bilər. Yəni körpünün ətrafında bərkitmə işləri getməsə, bu, körpünün uça bilər”. Girdəni sakinləri yaxın gələcəkdə əvvəlki problemlərin yenə də təkrarlanacağından narahatdır və bu məsələ ilə bağlı tədbir görülməsini istəyirlər: “Dövlət orqanlarından bizim xahişimiz budur ki, tədbir görülsün, ya bura beton tökülsün, ya da nə isə bir yolla bunun qarşısı alınsın. Əgər lazımdırsa, lap gəlsin mənim həyətimdən yol açsınlar. Çəpəri açıram, maşın betonlayır, gəlsin betonlasın, nə eləyir eləsin”. İldən-ilə sel suları məcrasını daha da genişləndirir, sahilində yerləşən yarım tikililərdə çatlar əmələ gətirir. Xəzər dənizinə tökülən Girdəni çayının sahili ekoloji cəhətdən də nəzarətsiz qalıb. Çayda təmizləmə işlərinin aparılmaması ekoloji problemlərə yol açır: “Təqribən 1957-ci ildə atam mənə dedi ki, get qəhvədanı çaydan doldur, gətir içək, indi vəziyyət elədir ki, mən heç ayaqlarımı suya vura bilmirəm. İnfeksiyadır başdan ayağa. Bunu özümüzünkülər eləyir. Mal, it leşi atırlar”. Sakinləri narahat edən məsələlərlə bağlı Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinə müraciət etdik. Qurumun əməkdaşı çay sahilində əvvəlki illərdə müəyyən bərkitmə işlərinin aparıldığını qeyd etdi. Sözügedən əraziyə baxış keçirildiyi və görüləcək işlər irimiqyaslı olduğu üçün gələcəkdə vəsait ayrılacağı təqdirdə problemin həll olunacağını bildirdi.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."