Bu yolu nə maşınla, nə də piyada getmək mümkün deyil
Nə maşınla istədiyin yerə vaxtında çata bilirsən, nə də piyada keçmək rahat olur. İllərdir ki, vətəndaşlara çətinliklər yaşadan bu yol Masallının Güllütəpə, Yolağac və Köhnə Zuvand kəndlərini birləşdirir.
Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, həmin yolun 15 km-ə yaxın hissəsi bərbad vəziyyətdədir və hava şəraiti pisləşəndə daha da keçilməz olur. Yolağac kəndində 1054 nəfər, Köhnə Zuvand kəndində isə 630 nəfər əhali yaşayır.
Məktəbə gedən uşaqlar və onları aparan valideynlər, yanğın söndürməyə, xəstə yanına təcili çatmağa çalışan briqadalar, bir sözlə, bu yoldan keçməli olan hər kəs müəyyən çətinliklərlə qarşılaşır. Problem isə aidiyyəti qurumlara edilən bütün müraciətlərə baxmayaraq həll edilməmiş olaraq qalmaqda davam edir.
Keçən əsrin 80-ci illərində yola daş-çınqıl tökülüb və nəqliyyatın hərəkəti üçün müəyyən şərait yaradılıb. 10 il bundan qabaq isə yol müəyyən qədər təmir olunub və yola daş tökülüb. 15 km-lik bu yolun indiki vəziyyəti ilə bağlı icra nümayəndəsi Əlövsət Muradov bildirdi ki, yol dəfələrlə təmir olunub.
Əlövsət Muradovun dediklərinə inansaq, bu yol dəfələrlə təmir olunub. Görünən mənzərə isə odur ki, yol əsaslı təmir olunsaydı, vəziyyət bu dərəcədə bərbad olmazdı. Yolağac və Köhnə Zuvand kəndlərinin sakinləri kimi biz də problemə çevrilən yolun nə vaxt asfalt olunacağını gözləyirik.
Tural Kərimov
Rövşən Əzimov
APA TV Masallı
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir