BMT nümayəndələri cəbhə bölgəsində olub

BMT-nin ölkəmizdə fəaliyyət göstərən agentliklərinin rəhbərləri Tərtər rayonunun Şıxarx qəsəbəsində məcburi köçkün ailələri ilə görüşüb.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, tədbirdə çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycanda  mövcud problemin Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində yarandığını xatırladıb və ölkəmizin işğal edilmiş ərazilərindən erməni hərbi qüvvələrinin çıxarılması barədə BMT-nin qəbul etdiyi qətnamələrin hələ də icra olunmadığı bildirib.

Ölkəmizin ərazi bütövlüyünün tez bir zamanda bərpa edilməsi üçün dünya birliyinin, beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsinin vacibliyi qeyd edilib. Eyni zamanda qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, sağlamlıq problemlərinin həllində beynəlxalq qurumların  ölkəmizlə əməkdaşlığı daha da genişləndirməsi arzu edilib.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai beynəlxalq qurumun təmsilçilərinin bölgəyə səfərini ölkəmizdəki qaçqınlara və məcburi köçkünlərə diqqətin təzahürü kimi səciyyələndirib. O, Azərbaycanın inkişaf etmiş ölkə kimi bu kateqoriyadan olan insanların probleminin həllində dünyaya nümunə göstərdiyini  qeyd edib, onların çadır düşərgələrdən yeni və rahat mənzillərə köçürülməsinin, hökumətin bu sahədəki fəaliyyətinin beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qarabağ məsələsinin ədalətli həllinə, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün zəruri tədbirlərin görülməsinə beynəlxalq qurumların bundan sonra da dəstək veriləcəyini qeyd edib.

Tədbirdən sonra BMT təmsilçiləri Tərtər rayonunun Bəyimsarov kəndində olub, burada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR