Beynəlxalq terrorçuların azərbaycanlı “müəllimi” tutuldu - DƏSTƏSİ DƏ ƏLƏ KEÇDİ
Beynəlxalq terror təşkilatlarının tərkibində təlimlər keçən Azərbaycan vətəndaşı Pakistanda həbs olunaraq Bakıya gətirilib.
APA TV-nin Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadən məlumatına görə, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə terror qruplaşmalarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə gizlin şəkildə Əfqanıstana gedib, orada qanunsuz silahlı birləşmələrə qoşulub.
O, həmin təşkilatları kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.
Araşdırmalar nəticəsində Əfqanıstan və Pakistanda təlimlər görən, döyüşlərə qatılan, üzvü olduğu dəstə ilə Suriyaya keçərək dini zəmində döyüşlərdə iştirak edən Azərbaycan vətəndaşı - 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə terror təşkilatlarının tərkibində Suriyanın bir neçə şəhərlərində döyüşən Azərbaycan vətəndaşı - 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu saxlanılıb.
Bununla yanaşı beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə Azərbaycan vətəndaşlığından çıxarılan - 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 5 il əvvəl Türkiyəyə, oradan bələdçi ilə Suriya ərazisinə keçdiyi, Cerablus, Rakka və digər şəhərlərdə dini zəmində münaqişələrdə iştirakı müəyyən edilib.
Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək, barələrində həbs qətimkan tədbiri seçilib.
DTX bir daha Azərbaycan vətəndaşlarını qanunsuz silahlı birləşmələrə cəlb edən şəxslərin tapılıb məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edir və radikal dini ideoloji təsir altına düşmüş şəxsləri həmin birləşmələrə qoşulmamağa çağırır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək