Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonunun bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib, həmçinin, xırda və iri buynuzlu heyvan və təsərrüfat təyinatlı məntəqələri, eləcə də nəqliyyat vasitələri məhv edilib.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Mülki əhalini hədəfə alan təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən dinc sakinlərin yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə top mərmisinin atılması nəticəsində kənd ərazisində yerləşən elektrik yarımstansiyası sıradan çıxmış, kənddə elektrik enerjisi kəsilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini dəqiqləşdirmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"