Balığın qiyməti və keyfiyyəti necə dəyişir? - SAHİLDƏN BAZARA QƏDƏR
El arasında belə bir deyim var: “Adında “R” hərfi olmayan aylarda balıq yeməzlər”. Kimi bunu kürütökmə dövrü ilə, bəziləri isə yay aylarında balıq və balıq məhsullarından zəhərlənmə riskinin daha çox rast gəlinməsi ilə əlaqələndirir. Bəs balıqçılar bu barədə nə deyir?
Ömrünün 60 ilini balıqçılığa həsr etmiş Nardaran qəsəbə sakini Əhmədağa Əsgərzadə müasir dövrdə bu cür yanaşmanın doğru olmadığını deyir. Onun sözlərinə görə, balıq və balıq məhsullarını ilin istənilən fəslində yemək olar: “Ona görə yeyilmir ki, həmin aylar balıqların kürü tökən vaxtıdır. Əsasən yay fəslində xırda balıqların böyüməsindən ötəri onları ovlamaq düzgün deyil. Demək olar ki, biz də həmin dövrdə balıq ovunu dayandırırıq. Keçmişdə deyərdilər ki, yay aylarında balıq yemək olmaz. Çünki o zamanlarda indiki kimi soyuducular, saxlama kameraları yox idi. Balıqçının ovladığı balıq yarım saatın içində öz keyfiyyətini itirirdi. Sonra həmin balığı kiməsə satanda alıcı görürdü ki, balıqdan iy gəlir. Məhz keyfiyyətini itirməyinə görə əvvəllər deyirdilər ki, “R” hərfi olmayan aylarda balıq yeməsəniz, məsləhətdir. Çünki balığı çox saxlaya bilmirdilər. İndi balıq və balıq məhsullarını saxlamaq üçün kondisioner, soyuducu - hər şey var. Mən şəxsən bir balıqçı kimi alıcılara zəmanət verirəm ki, yay aylarında balıqdan heç bir zəhərlənmə ola bilməz”.
Atasının və babalarının da balıqçı olduğunu deyən qəhrəmanımız yeni ov mövsümünə hazırlaşdıqlarını və təhlükəsizlik tədbirləri həyata keçirdiklərini söyləyir: “Biz indi qayıqlarımızı təmir edirik. Qayığı suya salmışıq və yoxlayırıq ki, vəziyyəti necədir. Yeni ov mövsümünə hazırlığımızı görürük. Qayıqlarımızda xilasedici dairələr və jiletlər olur. Dənizə çıxan zaman jilet geyinirik. Özü də burda hamı yaxın kəndlərdən balıqçılardır. Təhlükə zamanı bir-birimizə kömək etməyə hazır oluruq. Ona görə qoymuruq ki, heç bir balıqçı dalğalı hava şəraitində çətinlik çəksin”.
Yeni mövsüm ərəfəsində balıq və balıq məhsullarının qiymətini öyrənmək məqsədilə sözügedən məhsulların dəniz kənarında satıldığı obyektlərə üz tutduq. Satıcılar qiymətlərin hava şəraitindən asılı olaraq dəyişdiyini və bu aylarda ən çox kütüm, kefal, berj kimi növlərə tələbatın olduğunu dedilər: “Hava şəraitindən asılı olaraq balığın qiyməti demək olar ki, hər gün dəyişir. Qiymətlər müştəriləri qane edir. O qədər də baha deyil. Kütüm və kefalın 1 kiloqramı 7 manat, berjin 1 kiloqramı isə 12 manatdır. Külmə (vobla) balığının 1 kiloqramı 2 manat, Siyənək (zalom) 1 manat 50 qəpikdir. Hazırda bahalıq müşahidə olunmur. Hazırda hər növ balığa tələbat var. Kütüm, kefal, berj, nərə və xəşəm ən çox satılan balıq növləridir. Düzdür, xəşəm Xəzərdə az olur. Kütüm, kefal, berj və nərə balığının bütün növlərinə tələbat var. Hər mövsümə uyğun balıqlar satırıq. Hazırda kütüm və kefalın 1 kiloqramını 7 manatdan satırıq. Berji çəkisindən asılı olaraq 10-18 manatdan müştərilərə təqdim edirik”.
Ləpədöyəndən birbaşa paytaxta - 8-ci km-dəki bazara yollandıq. Burada da qiymət aşağı-yuxarı balıqçıların ilk əldən təklif etdiyi kimidir. Mövsümün indi başladığı söyləyən satıcılar müştəri qıtlığından gileylənir: “Alıcı qıtlığı var. Zəifdir bu aralar. Kütüm, kefal, berj, sıf (sudak), çəki ən çox alınan balıqlardır. Qiymətlər münasibdir. Kütümü 6-8 manat arası, xanı balığını 5 manat, belamor və sazanı 6 manatdan satırıq”.
Bazarlarda və dəniz kənarındakı obyektlərdə apardığımız müşahidələr göstərdi ki, hazırkı qiymətlər alıcıları qane edir: “Qiymətlərdən razıyam. Qiymət balığın növünə, çəkisinə görə dəyişir. Sağ olsun satıcılar ki, deyirsən, 1-2 manat aşağı ver, verirlər. Balıq almışam indi. Həmişə berj alıram. Satanlar da bilir. Kütüm alıram. Çox dadlı balıqdır. Tıxlı olsa da, onun tıxını təmizləyib ətini yenidən içinə yığıb bişiririk”.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."