Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının toplantısı keçirilir
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı başlayıb.
APA TV-nin xəbərinə görə, 15-dən çox ölkənin qatıldığı yığıncaqda Azərbaycandan 60 nümayəndə olmaqla 100-dək media təmsilçisi iştirak edir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb. ABŞ-ın müəyyən ştatları, Türkiyə, Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Kenya, Makedoniya və digər ölkələrin jurnalistləri belə bir qurum yaradıblar. Azərbaycan Mətbuat Şurası isə 2005-ci ildən bu qurumun üzvüdür: “O vaxtdan indiyə qədər qurum üzv ölkələrdə tədbirlər keçirir, həmin ölkələrdə söz və mətbuat azadlığı ilə bağlı hesabatlar dinlənilir və jurnalistlərin qarşılaşdığı problem, informasiya əldə etmələri ilə bağlı yaranmış maneələrin aradan qaldırılması üçün təkliflər səsləndirilir. Və ümumiyyətlə, dünyada medianın inkişaf meylləri müzakirə olunur və tendensiyalar öyrənilir”.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Bakıda belə bir tədbirin təşkil olunması mühüm hadisədir. Dünyanın bütün qitələrini əhatə edən ölkələrinin mətbuat şurası rəhbərlərinin Azərbaycana gəlişi, toplantılarının burada keçirilməsi ölkəmizə verilən dəyərin göstəricisidir. Bu, həm də dövlətin yürütdüyü informasiya siyasətinə verilən qiymətdir:“İki günlük toplantı çərçivəsində onlar nəinki özlərinin ümumi məsələlərini müzakirə edəcəklər, o cümlədən Azərbaycanda gördüklərini, eşitdiklərini, bizim jurnalistlərin iştirakı ilə keçirilən tədbirlərdə Azərbaycanın yaşadığı prosesləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri onların diqqətinə çatdıra biləcəyik, onların bu məsələlərlə bağlı fikirlərini formalaşdıra biləcəyik. Bu da Azərbaycanın təbliğatında müəyyən rol oynayacaq”.
Əli Həsənov bildirib ki, ötən 25 il müddətində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılıb. Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV əlavə dəyər vergisindən azad edilib, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunub, media vasitələrinin dövlətə olan borcları silinib, əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi işi təmin edilib.
Daha sonra tədbirə qatılan xarici media nümayəndələri yığıncaqla bağlı fikirlərini bildiriblər. Qeyd ediblər ki, belə tədbirlərin keçirilməsi dünya ölkələri arasında olan informasiya sisteminin inkişafının yaranmasına özül yaradır: “Bu gün burada bir çox ölkələrin media üzvləri iştirak edir. Biz də Hindistan Mətbuat Şurası olaraq tədbirə dəvət edilmişik. Bunun üçün çox şadıq. Tədbiri təşkil edənlərə təşəkkür edirəm. Bakıda konfransda olduğum üçün çox xoşbəxtəm. Tədbir yaxşı təşkil olunub. Yığıncaqda bir sıra vacib məsələlərə toxunulacaq və qatılan ölkələrin mediasında son illər ərzində görülən işlər müzakirə olunacaq. Hər bir ölkəyə uğurlar arzu edirəm”.
Qeyd edək ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı sentyabrın 15-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."