Bakıda "Dəniz Kuboku - 2018" yarışları başlayıb

İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında "Beynəlxalq Ordu Oyunları - 2018" çərçivəsində Bakıda təşkil edilən "Dəniz Kuboku - 2018" beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasimdə Müdafiə Nazirliyinin, iştirakçı ölkələrin hərbi korpusunun, habelə ölkəmizdəki səfirliklərin təmsilçiləri iştirak edib.

 

Əvvəlcə iştirakçı ölkələrin bayraqları meydana gətirilib.

 

Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun yarış iştirakçılarına təbrik məktubu oxunub.

 

Bildirilib ki, "Beynəlxalq Ordu Oyunları - 2018" çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

 

Jurnalistlərin bu ilki oyunlarla bağlı suallarını Hərbi Dəniz Qüvvələri komandanının müavini, I dərəcəli kapitan Sübhan Bəkirov cavablandırıb: "Bildiyiniz kimi, artıq ikinci ildir ki "Dəniz kuboku" üzrə yarışlar Bakı şəhərində keçirilir və bu gün bu yarışların açılışıdır. Artıq bütün komandalar tam heyətilə paytaxtımızdadır və sabahdan yarışlara start veriləcək. Bununla bağlı açılışda bu gün bizim çoxlu xarici qonaqlarımız, müşahidəçilərimiz iştirak edir".

 

S.Bəkirov yarışların təşkili sxemindən də danışıb: "Yarışlar iki etapda keçiriləcək. Həm dənizdə, dəniz poliqonunda, bir də sahildə. Dəniz poliqonunda olan yarışlar hava hədəfinə atış, ikinci minanın vurulması və dənizüstü uzaq məsafəli hədəfin vurulmasıdır. Sahildə də yenə bir neçə etaplar nəzərdə tutulub".

 

Bundan əlavə sahil zonasında da bir neçə mərhələdən ibarət yarışların keçirilməsi nəzərdə tutulub.

 

Vurğulanıb ki, oyunların keçirilməsində əsas məqsəd Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsidir. 

 

Yarışların ümumilikdə 12 gün boyunca davam edəcəyi planlaşdırılır. Oyunların bağlanış mərasimi isə avqustun 12-də keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR