Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirildi
Bu gün Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilib.
APA TV-nin məlumatına görə, tədbirin əsas məqsədi hər iki ölkə arasındakı iqtisadi əlaqələr və bu sahədə tətbiq edilən yeniliklərdir.
Forumu giriş sözü ilə açan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev deyib ki, ötən dövr ərzində hər iki ölkənin iş adamları arasında keçirilən genişmiqyaslı forumlar, iş görüşmələri keçirilməsi ikitərəfli əlaqələrin inkişafına səbəb olub.
Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun sədri Nail Olpak bildirib ki, Türkiyənin dünyada ticari əlaqələr qurmadığı ölkə yoxdur.
Daha sonra çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri ötən dövrdə yüksələn xətlə inkişaf edərək, ən yüksək səviyyəyə çatıb: “Türkiyə Azərbaycanla dost, qardaş ölkədir. Bizim bütün sahələrdə əməkdaşlığımız uğurludur. Bütün sahələri bir-bir sadalamaq olar. İqtisadi əlaqələr də bu sıradadır. Çox uğurlu nəticələrimiz var. Artıq səsləndirildi ki, 2018-ci ildə ticarət dövriyyəmiz 28 faiz artmışdır. Bizim statistikaya görə, 3,5 milyard dollara çatmışdır. Bu ilin 7 ayında 33 faiz artmışdır. Bunlar gözəl göstəricilərdir”.
Sonda çıxış edən Türkiyənin Vitse-prezidenti Fuat Oktay iqtisadi inkişafı, həyata keçirdiyi böyük sosial-iqtisadi islahatlar və mühüm beynəlxalq tədbirlərə ev sahibliyi Azərbaycanı bölgədə örnək ölkəyə çevirdiyini vurğulayıb: “Prezidentlərimizin bizə göstərdiyi hədəflərə çatmaq üçün buradayıq. 15 milyard dollarlıq hədəf göstəriblər. Və biz də bu hədəfə çatmaq üçün həm Türkiyənin, həm də Azərbaycanın iqtisadiyyatını da gücləndirərək yola davam edəcəyik. Bunu necə edə bilərik? İki gündür ki, bunu dəyərləndiririk”.
Vitse-prezident həmçinin bildirib ki, bir ay sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Azərbaycanda səfərdə olacaq.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."