Bakı parklarına verilən su: israf, yoxsa...? - RƏSMİ CAVAB

 

Hər gün səhər yuxudan qalxıb masanın arxasına keçir. Daha çox idman buraxılışlarında futbolla bağlı xəbərlərə qulaq asır. Yeməyini yeyir və iş yerinə yollanır. İş paltarını geyinib, gün ərzində ona lazım olacaq ləvazimatları götürür və harada qulluğa ehtiyac olan yaşıllıq varsa, oraya yollanır.

59 yaşı Allahverdi Əliyev dörd ildir ki, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyində bağban vəzifəsində işləyir. Paytaxtdakı 12 №-li peşə liseyində traktorçu, sonradan isə kinomexanik ixtisası üzrə təhsil alıb. Bağban deyir ki, uşaqlığı kənd yerində keçib, elə o vaxtdan da bu işə həvəsi yaranıb. Bakıya gələndən də bağbanlıqla məşğuldur. Hazırda Fəxri Xiyabanda çalışır: “Yaxşı bağban olmaq üçün gördüyün işi bilməlisən. Sulamaqdırsa, səhər tezdən sulamalısan. Güllərə qulluq etməkdirsə, bilməlisən ki, hansı gülü nə zaman təmizləmək, nə zaman dərman vermək lazımdır. Bir sözlə, hər şeyin bir texnologiyası var, gərək onların hamısını biləsən yaxşı bağban olmaq üçün”.

Allahverdi əmi ilə söhbətdən belə başa düşmək olur ki, yaxşı bağban olmaq üçün öz işini bilməklə kifayətlənmək azdır, eyni zamanda gördüyün işi sevmək lazımdır: “Havadan asılıdır. Hava isti olarsa, hər gün sulayırıq. Hava sərin olarsa, günaşırı sulayırıq. Yəni hamısı havadan asılıdır. Vallah, bir sulamaqla bağ olmur ki, gərək bağın hər şeyinə baxasan. Budamağı var, sulamağı var, dərmanı var, hər bir şeyi var. Bağa baxasan gərək”.

“Bağa baxarsan - bağ olar, baxmazsan - dağ olar” deyib atalar. Elə bağbanların da işi təkcə bağı sulamaqla keçmir. Həm ağacları budayıb səliqəyə salır, həm də dibini belləyirlər. Müsahibimiz deyir ki, günü ağaclara və güllərə qulluqla yanaşı, vətəndaşların yaşıllıqlara göstərdiyi diqqətsizliklərə qarşı mübarizə ilə də keçir: “Bilirsən, birdən olur, ziyarətə gəlib eləyənlər su zad içirlər, butulka atırlar, zir-zibil atıb eləyirlər gülün dibinə. Belə şeylər mane olur. Başqa burada mane olan bir şey yoxdur. Burda gərək qazonu tapdalamayasan, gülləri qırmayasan. Olur ki, uşaqları məsuliyyətsiz buraxırlar, onlar da gəlir güldən qoparır, ya zibili atıb edirlər. Belə şeylər olur, başqa nəsə olmur. Bura fəxri yerdir. Bizim bütün dahilər buradadır. Burada işləmək özü böyük şeydir”.

Bağban deyir ki, ən çox isti havalar onlara əziyyət verir: “İşin ən çətin yeri isti havadır. Qışda elə də çətinliyimiz olmur. Ağacların dibini boşaldırıq, quru yerlərini təmizləyirik, qırılanlarını kəsirik. Yaz aylarına hazırlayırıq da elə bil. Lazım olan ağacları budayırıq. Çətin iş yoxdur qışda”.

Gün ərzində Bakının bütün parkları suvarılır. Bəs görəsən, bu suyun mənbəyi haradır? Bu qədər suvarma işləri aparıldığı halda, Bakıda su qıtlığı yaranmır ki?

Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədovun sözlərinə görə, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakı şəhərində mövcud olan yaşıllıqları “Azərsu” ASC-nin su xətlərindən istifadə etməklə suvarır: “Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında özünün qazıb istifadə etdiyi artezian quyular da var ki, onların da suyundan istifadə edirik. Həmin sular laboratoriyada analiz olunur, suvarılmaya yararlıdırsa, yaşıllıqların suvarılmasında istifadə olunur. Əgər sahələrdə suvarma xətləri yoxdursa, yaxud da artezian quyuları yoxdursa, lokal sahələrə, güllüklərə qazon, kiçik sahələrə su maşınlarımızdan istifadə edirik. Balansımızda olan su maşınları var, 8-10 tonluq. Onlardan götürüb lokal sahələrin suvarılmasını onlarla həyata keçiririk”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR