Bakı Metropoliteninin Təlim-Tədris Mərkəzi istifadəyə verilib

 

"Bakı Metropoliteni" QSC kadr hazırlığı, təhsil-tədris prosesinin müasir və fərqli imkanlar yaratmaq məqsədilə Təlim-Tədris Mərkəzini əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verib.

APA TV-nin məlumatına görə, çoxşaxəli infrastruktura malik və mürəkkəb özünəməxsus xüsusiyyətləri ilə seçilən “Bakı Metropoliteni” üçün zəruri olan peşələr və ixtisaslar üzrə kadr hazırlığının mükəmməl səviyyəyə çatdırılması istiqamətində ən əhəmiyyətli addımlardan biri kimi Təlim-Tədris Mərkəzi müasir dövrün tələbləri səviyyəsinə çatdırılıb.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov Təlim-Tədris Mərkəzinin informasiya-kommunikasiya texnologiyalarının müasir imkanları çərçivəsində tədris prosesinə təkan verəcəyini bildirib: “Elm və texnologiyaların çoxsürətli inkişafı yeni biliklərin, yeni səriştələrin müasir zamanda çox tez köhnəlməsinə gətirib çıxarır.

Bu istiqamətdə hər zaman yeni biliklər, yeni səriştələrə diqqət yetirmək lazımdır. Və bu baxımdan belə bir mərkəzin - Bakı Metropoliteninin Təlim-Tədris mərkəzinin yaradılması zamanında verilmiş çox düzgün bir qərardır və mən hesab edirəm ki, şəhər nəqliyyatı tarixində bu gün xüsusi bir hadisə kimi hər birimizin yaddaşında həkk olunacaq”.

Nazir “Bakı Metropoliteni” üçün ən çox kadr hazırlayan təhsil müəssisələrindən birinin də Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin olduğunu qeyd edərək, təlim-tədris mərkəzinin açılışı münasibətilə metropoliten əməkdaşlarını təbrik edib.

Təlimlərin "81-765" tipli qatarların bazasında yaradılan trenajorda aparılacağını bildirən Təlim-Tədris Mərkəzinin rəisi Fuad Tağızadə sözügedən trenajorun Bakı Metropoliteninin xətlərinin real məkan və zaman rejimində müasir qrafik təsvirlər vasitəsilə işlənib hazırlandığını qeyd etdi: “Bizdə hazırda ən əsas 40-a yaxın peşə, 14-ə yaxın infrastruktur var. Burda mütəxəssislər - mühəndislər də, texnik də, texnoloqlar da, eskalator sahəsində, elektrik təchizatı sahəsində, yol sahəsində, elektromexanika sahəsində mütəxəssislər var”.

Tədris mərkəzində ümumilikdə xüsusi sifarişlə hazırlanan 15 maket və 100-dən artıq əyani-praktiki tədris vəsaitləri yer alıb.

Qeyd edək ki, Bakı Metropoliteni tərəfindən 2030-cu ilə qədər yeni metro xətlərinin uzunluğunun 119 kilometrə, metro stansiyalarının sayının isə 76-ya çatdırılması planlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR