Kür Sutəmizləyici Qurğular Kompleksinə infotur təşkil olunub

 

Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Kür sutəmizləyici qurğular kompleksinə infotur keçirilib. APA TV-nin xəbərinə görə, “Azərsu” ASC informasiya ekskursiyası çərçivəsində jurnalistləri kompleksin iş prinsipi ilə tanış edib. Qeyd edilib ki, hazırda kompleks Mil-Muğan bölgəsinin 7 rayonunu və Bakı şəhərinin bəzi ərazilərini, ümumilikdə 600 minə qədər əhalini içməli su ilə təmin edir. Eyni zamanda “Azərsu” ASC tərəfindən Hacıqabul və Şamaxı rayonları ərazisində 10 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması layihəsi də həyata keçirilib. Bu məqsədlə həcmi 50 min kubmetr olan anbarlar tikilib, Kür sutəmizləyici qurğularından Padarçöl adlanan əraziyə 27,5 km uzunluğunda əsas daşıyıcı kəmər çəkilib. Əkin sahələrinin suvarılması üçün Kür sutəmizləyici qurğularından saniyədə 5 kubmetr həcmində suvarma suyu verilir. Kür sutəmizləyici qurğularında suyun təmizlənməsi prosesi 3 mərhələdə həyata keçirilir. Belə ki, üzən nasos stansiyaları vasitəsilə Kür çayından götürülən su əvvəlcə radial su durulducularına ötürülür. Burada xüsusi kimyəvi reagentlərdən istifadə edilərək lil çökdürülür. 2-ci mərhələdə su horizontal durulducularda emal olunur. Nəhayət, 3-cü mərhələdə süzgəclərdən keçərək standartlara uyğun təmizlənən su anbara ötürülür. Burada xlorlanaraq zərərsizləşdirilən su nasoslar vasitəsilə magistral kəmərlərə vurulur. Uzaq məsafədən suyu Bakıya çatdırmaq üçün magistral xəttin 89-cu kilometrində - Səngəçal qəsəbəsi yaxınlığında yenidən qaldırıcı nasoslardan istifadə olunur. Kür suyunun paytaxta gətirilməsinin zəruriliyi ilə əlaqədar olaraq SSRİ Nazirlər Sovetinin qərarı ilə 1968-ci ildə Kür su kəmərləri sisteminin birinci növbəsinin inşasına başlanılıb. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin Kür su kəmərinin tikintisini şəxsən nəzarətə götürməsindən sonra işlər sürətləndirilib. Ulu öndərin təşəbbüsü ilə bu layihənin qısa müddətdə başa çatdırılması üçün respublikanın əsas tikinti təşkilatları “Ümumxalq tikintisi”nə cəlb edilib. Məhz bunun nəticəsində işlər qısa müddətdə başa çatdırılıb. Kür su magistral kəmərinin birinci növbəsi 1970-ci il sentyabr ayının 27-də istifadəyə verilib. Tikinti sahəsində toplanmış zəngin təcrübə Kür su kəmərinin ikinci növbəsinin daha tez reallaşmasına gətirib çıxarıb və cəmi bir il sonra - 1971-ci il sentyabrın 15-də ikinci Kür-Bakı su kəməri istifadəyə verilib. 1998-2005-ci illərdə “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” çərçivəsində Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit hesabına Kür sutəmizləyici qurğular kompleksində yenidənqurma işləri aparılıb. Layihəyə uyğun olaraq radial, üfüqi durulducular, süzgəclər, xlorator və reagent təsərrüfatı, qaldırıcı nasos stansiyaları yenidən qurulub, nəticədə kompleksin emal gücü saniyədə 9,5 kubmetrə çatdırılıb, eyni zamanda suyun keyfiyyəti standartlara uyğunlaşdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR