13:35 7 iyul 2022 522
Ana səhifə Xəbərlər

Azərbaycanlı şagirdlər Tunisdə keçirilən festivalın qalibləri seçiliblər

Uğura gedən yol, məqsəddən keçir, elə qalibiyyətə də... Kiminə uğur qazanmaq üçün bilik , kiminə çox çalışmaq, kiminə  isə biliklə təcrübənin bərabərliyi olan yolda addımlamaq  uğura gedən yolun başlanğıcı hesab olunur. Uğur qazanmaq üçün ən önəmli şərt nədir?

 

Bəli, uğur qazanmaq üçün məqsədin olması çox önəmlidir.  Elə Avropa Azərbaycan Məktəbinin şagirdləri də bu fikirdədir. 14-16 yaşlı bu şagirdlər hədəflərinə çatmaq, təhsilimizin uğurlarını beynəlxalq səviyyədə təmsil etmək, ölkəmizi bir də onların qalibiyyəti ilə tanıtmaq kimi məqsəd qoyublar qarşılarına . Onları siz də tanıyın:

 

Avropa Azərbaycan Məktəbinin şagirdləri Tunisdə beynəlxalq festivalda uğurla çıxış edib. Onlar bu yerləri 40 ölkə və 1000-dən çox iştirakçı arasında qazanıblar. Şagirdlər, həmçinin, robot proqramlaşdırma dərslərində iştirak ediblər. Bu gün Beynəlxalq festival iştirakçıları ilə birlikdəyik və uğura gedən yolun sirlərindən danışacağıq.

 

Layihə rəhbəri Xürrəm Vəliyev deyir ki, komandanın uğurla təqdim etdiyi layihə onundur: “Bunun üzərində Azər müəllimlə birlikdə iki ildir çalışırıq. Hazırda layihəmin üzərində patent almaq istəyirəm. İxtiram bir cihazdan ibarətdir, o avtomobilə qoşulur. Cihaz baş verə biləcək qəzanı proqnoz verir, sürücünün halı bu cihazla yoxlanılır. Əgər 10 dəqiqə ərzində sürücüdən xəbər ala bilməsək, Təcili Tibbi Yardım çağırırıq”.

 

Beynəlxalq festivala Hüseyn Mehdiyev ikinci dəfədir qatılır. Amma yüksək pillədə bu onun ilk addımıdır: “Birinci dəfədə ölkəmizi təmsil etmişik, amma o sərgi idi. Burda birincilik uğrunda mübarizə yox idi. Sadəcə qatıldıq və ölkəmizi təmsil etdik”.

 

Sara Nabikoğlu Avropa Azərbaycan məktəbinin şagirdidir. Bir sıra uğurlu layihələrin iştirakçısıdır. Tunisdə təmsil etdiyi layihə üzərində nə az, nə çox düz iki ildir komanda yoldaşları ilə birlikdə çalışır.  Deyir ki, biz uğura çatmaq üçün hər gün nəsə edirdik, ona görə də müvəfəqiyyətin bizimlə olacağına əmin idik: “Biz 40 ölkə arasında Azərbaycanı təmsil etdik. Komanda yoldaşlarımla birlikdə üçüncü yeri tutdum. Doğma Azərbaycanın, məktəbimizin adını beynəlxalq yarışda təmsil etdiyim üçün çox qürurluyam. Çox həyəcanla cavabları gözləyirdik. Üçüncü yeri tutmağımız, 1000 şagird içərisində tutmağımız bizim üçün heyrətamiz nəticə idi”.

 

Bundan öncə beynəlxalq səpkili sərginin iştirakçısı olan Sara Nabikoğlu deyir ki, Azərbaycanlı şagirdlərin təqdim etdiyi layihə 40 ölkədən festivala qatılmış iştirakçıların da böyük marağına səbəb olub: “Bizim layihəmiz dünyada ölümə daha çox səbəb olan ürək tutmasını müəyyənləşdirən cihazın təqdimatı ilə bağlı idi. Cihazımız insanın ürəyində olan problemi qısa bir zamanda aşkarlayır”.

 

Məsuliyyət, həyəcan dolu festivalın qaliblərindən biri də Xəzər Hüseynovdur: “Çox qürurluyam. Ümid edirəm ki, biz ikinci yerlə kifayətlənməyəcəyik. Bundan sonra komandamızla birincilik uğrunda mübarizə aparacağıq.  İnanıram ki, Avropa-Azərbaycan məktəbi də bu kimi layihələrdə iştirakımıza dəstək verəcək. Təqdim etdiyimiz proyekt ekoloji problemi çözmək üçün nəmişliyi yoxlama cihazdır”. 

 

Xəzər Hüseynovla eyni komandada çıxış edən Xəyyam Vəliyev inanır ki, bundan sonra da daha uğurlu pillələrə qalxmaq üçün əzmlə davam edəcəklər.

 

Tağızadə Nicat da komanda yoldaşları ilə qürur duyduğunu dilə gətirir və bildirir ki, onların təqdim etdiyi proyekt ekoloji problemləri özündə ehtiva etdiyi üçün daha çox maraqla qarşılanıb.

 

Tunis festivalında iştirak edən qalib komandadakı digər şagirdlər – Mədinə Əliyeva, Rəsul Rəhimov, Aydın Aslanlı, Mikayıl Hüseynov uğurlarının bununla bitmədiyini söylədilər. Bunun sadəcə başlanğıc üçün bir stumul olduğunu dilə gətirdilər.

 

İkinci yerin qalibi Tunar Kərimov  təəssüratlarını qısaca da olsa bizimlə bölüşdü və qalib adını qazanmaqda onlara dəstək olan hər kəsə təşəkkür edir: “Hər kəsə təşəkkür edirəm. Müəllimlərimə, nəzarətçilərə, komanda yoldaşlarıma . Çox həyəcanlı idik,bu mənim üçün . Bu mənim üçün ilk idi. Elə bilirdim həyəcan məni ötəcək, amma elə olmadı. Layihəmiz maraqla qarşılandı”.

 

“I-Fest Tunisia 2022”- beynəlxalq festivalından dönən Gülzar Xanım Əlizadə şagirdlərin uğurlarından söz açır, bizə və deyir ki, qalib olmaq üçün həm oxuduqları məktəbi, həm də ölkəmizi təmsil etmək üçün uşaqlar çox məsuliyyətlə çalışıblar: “Bu sadəcə bir-iki ayın əziyyəti deyil. Elə layihələr var ki, onlar illərin əziyyətidir. İllərdir bu məqsədə çatmaq üçün, layihəmizin daha mükəmməl olması üçün çalışdıq və bu məsuliyyətli bir işdir. Bu nailiyyətlərinə görə təbrik edirəm. 10 şagirdlə qatıldığımız bu yarışa istərdim ki, Azərbaycanımızı təmsil edəcək uşaqlar da qatılsın. Çünki istedadlı şagirdlərimiz çoxdur. Avropa-Azərbaycan məktəbinə bizə bu şəraiti yaratdığı üçün təşəkkür edirəm”.

 

Qələbəyə inanaraq şagirdlərin yanında olan, onlara sözün əsl mənasında həm müəllim, həm dost olan Azər müəllim də qalib iştirakçılarla bir sırada olmağından qürur duyduğunu bildirir: “Əsrimiz texnologiya əsridir, bunu artıq hamımız bilirik. Azərbaycanı beynəlxalq arenada təmsil etmək üçün tələbələrimiz çox inamla hazırlaşdı. Texnologiya elmi həm də ixtira deməkdir. Şagirdlərimiz, iqtisadiyyat, tibb və ekologiya sahələrinə mühəndisliyi inteqrasiya etməklə ideyalarını irəli sürdülər və biz də tam gücümüzlə onların yanında olduq”.

 

Beləliklə, qələbə dolu sevincini bizimlə bölüşən hər bir şagirdimizə daha böyük uğurlar arzulayırıq. Başarılarınız daimi, yolunuz açıq olsun!

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın