Azərbaycanın ilk jurnalistlərindən Goraninin məzarı ziyarət edilib

22 iyul - Azərbaycan Milli Mətbuatının yaranması günü Gəncədə Həsən bəy Zərdabinin məsləkdaşlarından biri, görkəmli maarifçi, ictimai xadim və Azərbaycanın ilk jurnalistlərindən olan Əsgər ağa Goraninin məzarını ziyarət edilib. “Qarabağnamə”nin müəllifi olan Mirzə Adıgözəl bəyin nəvəsi, 1857-ci ildə Gəncə (Yelizavetpol) qəzasının Goran kəndində dünyaya göz açan Əsgər ağa Haqverdi ağa oğlu Adıgözəlov-Gorani ilk təhsilini Gəncə şəhər məktəbində aldıqdan sonra Bakıda gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfatı və Meşəçilik Akademiyasında torpaqşünaslıq üzrə ali təhsil alıb. Moskvada təhsil alarkən Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin ən fəal yazarlarından olan Əsgər ağanın bu qəzetdə 39 məqalə və məktubu çap olunub. Yaradıcı və yüksək bədii zövqə malik Əsgər ağa həmçinin Ağa Məhəmməd Şah Qacarın Qafqaza yürüşündən bəhs edən “Qara yel” tarixi romanının, “Qocalıqda yorğalıq” pyesinin və “Hənək, hənək, axırı dəyənək” vodevilinin (!) , A. S. Puşkin və M. Y. Lermontovdan tərcümələrin müəllifidir. Əsgər ağa Gorani 1910-cu ildə 53 yaşında vəfat edib və Gəncənin qədim “Səbiskar” qəbiristanlığında dəfn olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR