Azərbaycanda yeni xidmət: evlərin qiyməti bazar qiymətlərinə uyğundurmu?

Azərbaycanda vətəndaşlara almaq istədikləri evlərin qiymətlərinin bazar dəyərinə uyğun olub-olmadığını əvvəlcədən öyrənmək imkanı yaradılıb. Bu imkan vasitəsilə ev sahibi və ya alıcı əldə etmək istədikləri ərazidə evlərin bazar qiymətini elektron qaydada öyrənə bilərlər.

Bu məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidməti vasitəsilə əldə etmək mümkündür. Komitənin mətbuat katibi Qulu Xəlilov deyir ki, portalda 9-cu xidmət növü olan yeniliyin əsas məqsədi mənzillərin alqı-satqı müqavilələri üzrə bazar qiymətinin öyrənilməsidir: “Yəni istənilən vətəndaş onlayn olaraq komitənin elektron xidmətlərinə daxil olaraq 9-cu xidməti seçərək öz mənzillərinin alqı-satqı müqavilələri üzrə bazar qiymətlərini öyrənə bilirlər. Və bununla da artıq mənzillər üzərində iqtisadi əməliyyatlar apararkən mənzillərinin qiyməti onlayn və dəqiq bəlli olur. Belə ki, istənilən vətəndaş bu xidmətə daxil olaraq istər ASAN İmza, istər Elektron İmza ilə və yaxud elektron hökumətin təqdim etdiyi şifrə və kod ilə daxil olaraq orada xüsusi pəncərə açılır”.

Daha sonra əmlak haqqında məlumatlar daxil edilir. Belə ki, ilk olaraq əmlakın yerləşdiyi rayon, qəsəbə, küçə daxil edilir. Eyni zamanda bazar qiymətinin hansı tarix aralığı üzrə olmasını seçir: “Misal üçün, belə bir məlumatlar orada çıxır ki, əgər biz Bakı şəhərinin Qaradağ rayonunun hər hansı bir küçəsində və hər hansı zaman kəsiyində mənzillərə dair məlumatları əldə etmək istəyiriksə, bu məlumatları daxil edərək, artıq növbəti pəncərədə həmin zaman kəsiyində nə qədər mənzil satılıbsa, bu mənzillərin tikildiyi illər, sahələri, otaq sayları, mənzillərin üzərində ararılan alqı-satqı müqavilələri, tarixləri və nəticə etibarilə həmin tarixlərdə bazar qiymətləri görmək mümkün olur”.

Daha sonra istifadəçi elektron qaydada 10 manat məbləğində xidmət haqqını ödəməklə nəticəni əldə edir. Bununla da vətəndaş mənzillərin baha və yaxud ucuz satılmasını dəqiq şəkildə öyrənmiş olur. Ekspert Ramil Osmanlının fikrincə, yaradılan bu imkan əvvəllər olmayıb. Belə olduğu halda vətəndaşlar həmin informasiyaları alqı-satqı ofislərindən, rieltorlardan əldə edə bilirdilər: “Bu gün “Azərbaycanda aparılan alqı-satqı əməliyyatları üzrə, ərazilər üzrə notariat kontorlarında aparılmış əməliyyatlarda müəyyən olunan alqı-satqı qiymətləri barədə məlumat var. Bunlar ƏMDK-nın Dövlət Reyestr Xidmətinin məlumat bankında torlanır. Həmin məlumatlar eyni zamanda emal olunur. Yəni bu məlumatlarla bağlı Əmlak Komitəsi mütəmadi olaraq ictimaiyyətə informasiyalar verir. Ərazilər üzrə orta qiymətlər və sair. Bu interaktiv xidmət üzrə artıq həmin ərazilərdəki mənzillərin qiymətlərini vətəndaşlar rahat şəkildə əldə edə biləcəklər”.

Nəticədə bu xidmət vasitəsilə yarana biləcək çətinliklər aradan qaldırılır, qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR