Azərbaycanda vəkilliyin 100 illik yubileyi qeyd olunub

Dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən Vəkillər kollegiyalarının rəhbər və üzvləri Bakıdadır.


APA TV-nin məlumatına görə, qonaqlar Azərbaycan vəkilliyinin 100 illik yubileyi ilə bağlı keçirilən “Güclü və nüfuzlu vəkillik - müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransa qatılıb.


Vəkillər Kollegiyasının sədri Anar Bağırov ölkəmizdə bu sahənin inkişafı ilə bağlı məlumat verib: “Həm keçən il vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə müvafiq sərəncam qəbul olundu, həm də bu il məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi barədə 3 aprel tarixli fərmanda da Vəkillər Kollegiyasının maliyyə müstəqilliyi, yəni dövlət hesabına ödənilən vəsaitin bilavasitə Vəkillər Kollegiyasına köçürülməsi barədə cənab prezident Nazirlər Kabinetinə tapşırıq verdi. Bütün bunlar onu göstərir ki, Azərbaycanda vəkilliyin inkişafına dövlətimiz özü maraqlıdır”.

 

Sədr həmçinin bildirdi ki, son müddət ərzində vəkillərin sayı iki dəfə, vəkil qurumlarının sayı isə 3 dəfə artıb.

 

Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov vəkilliyin ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra nail olduğunu vurğuladı: “Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya cəmiyyətimizin müasir, demokratik, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub. Azərbaycanda fundamental hüquqi, iqtisadi, sosial islahatların aparıldığı, azad sahibkarlığın inkişaf etdirildiyi şəraitdə yeni tipli vəkillik təsisatına zərurət yaranıb”.

 

Ədliyyə naziri Fikrət Məmmədov dedi ki, Azərbaycanda vəkilliyin yaranması 1919-cu ilə, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edir: “Vəkillik xidməti müstəqil hüquqi təsisat kimi yalnız Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılıb. Məhz ölkəmiz üçün demokratik, hüquqi dövlət quruculuğu yolu keçmiş dahi öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar çərçivəsində vəkillik haqqında ilk dəfə ayrıca qanun qəbul olundu, onun müstəqil təsisat kimi inkişafına əsaslı zəmin yaradıldı”.

 

Ali Məhkəmənin sədri Ramiz Rzayev vəkilliyin hər bir dövlətin və vətəndaşların fundamental hüquqlarının keşiyində duran mühüm hüquq institutu olduğunu söylədi: “Vəkilliyin əsas təyinatı cəmiyyətdə və onun üzvlərinin hüquqi yardım göstərməsindən, hüquq və azadlıqların qorunmasından ibarətdir. Vəkil qanunu özbaşınalıqdan qoruyur. Ona görə də vəkilin fəaliyyəti həm konkret vətəndaşın və təşkilatın maraqlarına, həm də dövlət və cəmiyyətin publik hüquq maraqlarına cavab verir”.

 

Baş prokuror Zakir Qaralov qeyd etdi ki, son illər ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində vəkillik institutunda mühüm işlər görülüb: “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafına yeni mərhələnin başlanmasını və islahatların dərinləşməsini zəruri etdiyindən, müasir dövrün tələblərinə cavab verən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə dövlət başçısı tərəfindən 3 aprel 2019-cu il tarixində məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərman imzalanmışdır”.

 

“Sizi burada Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın nəvələri kimi salamlayırıq” deyən Türkiyə Vəkillər Birliyinin sədri Mətin Feyzioğlu bildirib ki, vəkillik fəaliyyətinin önündə hər bir ölkədə çoxsaylı problemlər var və bu problemlər həll edilməlidir. 

 

Elvin Paşazadə,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR