17:28 19 may 2022 204
Ana səhifə Xəbərlər

Azərbaycan-Türkiyə QHT-ləri arasında əməkdaşlıq genişləndirilir

Bu gün Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumu keçirilib. Forumda çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bu tədbir gələcəkdə türk xalqlarının QHT-ləri arasında əməkdaşlığın genişlənməsinə yol açacaq.

 

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev də Azərbaycan və Türkiyə QHT-lərinin Forumunun perspektivlərindən danışıb: “QHT-lərimizin qardaş ölkənin QHT-lərinin idarəetmə və beynəlxalq təşkilatlarla əlaqə qurmaq təcrübəsini öyrənməsi vacibdir. Qardaş Türkiyənin QHT-lərin bu təcrübəsinin bölüşülməsi faydalı olar”.

 

Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş cəmiyyəti ilə əlaqələr Baş İdarəsinin rəisi Ahmet Türköz Azərbaycanda olmasından məmnunluq duyduğunu söyləyib: “Birliyimiz sayəsində Türkiyə və Azərbaycan qlobal səviyyədə yaşanan böhranlar zamanı bir yerdə durmağı, mübarizə aparmağı bacarıb. Azərbaycan Ordusunun Qarabağı azad etməsindən qürur duyuruq. Qeyd etmək istəyirəm ki, bu gün iki qardaş ölkənin müvafiq qurumları arasında daimi sıx əlaqə də vacibdir. Bu Forumun əməkdaşlıq istiqamətində mühüm addım olacağına inanırıq”.

 

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov isə çıxışında bildirdi ki, bu forum gələcəyə yönəlik mesajlar baxımından strateji əhəmiyyət daşıyır: “Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Birgə Media Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır”.

 

Əhməd İsmayılov xüsusi olaraq vurğuladı ki, mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kompaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik. Bizim öz ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı, jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var.

 

AYTƏN SAKİTQIZI

CEYHUN MUSTAFAYEV

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın