Astarada sitrus ağacları quruyur

Astara bağlarında 12-20 yaşlı sitrus ağacları kütləvi şəkildə quruyur. Belə davam edərsə, bu il sitrus bağlarında məhsuldarlıq az olacaq.

APA TV-nin cənub bürosunun xəbərinə görə, rayonun sitrus bağlarında ağacların quruması halı yaz aylarından müşahidə olunur. Təsərrüfatlarda əsasən naringi, kinkan ağacları zərər görüb. Ağacların əvvəlcə yarpaqları, sonra meyvələri quruyaraq yerə tökülür, daha sonra isə özü quruyur. 15-20 kq bar verən ağacın məhsuldarlığı 10-15 kq aşağı düşüb. Hər sitrus bağında ağacların 20-30 faizi qurumuş vəziyyətdədir.

Təsərrüfatçıların sözlərinə görə, ağac çiçək açan vaxt havaların əlverişsiz keçməsi, əvvəlcə yağış yağması, ardınca isə temperaturun qısa bir müddətdə yüksəlməsi nəticədə belə bir vəziyyətə gətirib çıxarıb.

Ağacların çiçəklənmə dövründə kütləvi şəkildə quruması kənd sakinlərini narahat edir. Təsərrüfat sahibləri vaxtında dərmanlama, gübrələmə, budama, aqrotexniki qulluq görən ağacların nə üçün belə sürətlə quruduğunu anlamırlar. Onlar əvvəlki illərdə zərərvericilərin yaratdıqları problemləri həll etsələr də, bu vaxta kimi ağacların belə quruma halları ilə rastlaşmadıqlarını bildirirlər.

Məhsuldarlığın aşağı düşməsi yəqin ki, mövsüm vaxtı bazara çıxarılan meyvələrin qiymətinə də təsirsiz ötüşməyəcək. Bu prosesin qarşısını almaq üçün görülən tədbirlər də hələ ki, nəticə vermir. Quruyan ağacların gələn ilki aqibəti sual altındadır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR