Ağcabədidə iki yeni məktəb binası istifadəyə verildi
Bilik günü ərəfəsində Ağcabədi rayonunda 696 şagird yerlik iki yeni məktəb binası istifadəyə verilib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, uzun illərdir çətin şəraitdə təhsil alan şagirdlər artıq yeni tədris ilində müasir tipli və bütün avadanlıqlarla təchiz olunmuş məktəb binasında təhsil alacaqlar. Rayon ərazisində istifadəyə verilən təhsil ocaqları şəhid Hamlet Məmmədovun adını daşıyan Qaradolaq kənd 1 nömrəli və Əlfi Məmmədov adına Salmanbəyli tam orta məktəbləri üçün inşa edilib. Yeni binaların açılışı münasibətlə keçirilən mərasimlərdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Milli Məclisin deputatı Tahir Rzayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, valideynlər və kənd sakinləri iştirak edib. Qaradolaq kənd 1 nömrəli tam orta məktəbi üçün inşa edilən bina 264 şagird yerlikdir. Müasir standartlara uyğun inşa edilən ikimərtəbəli yeni məktəb binası, sinif otaqları və fənn kabinetləri ilə yanaşı, kompüter, texnologiya otaqları, laboratoriyalar, kitabxana, akt və idman zalları, xidməti otaqlar fəaliyyət göstərir. Binalarda müasir istilik və müşahidə sistemləri quraşdırılıb. Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbi üçün inşa edilən bina 432 şagird yerlikdir. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müəllim, şagird və valideynləri yeni məktəb binalarının istifadəyə verilməsi münasibətilə təbrik edib: “Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisinə Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi ilə başlanıb. Son 15 ildə 3200 yenidən təmir olunub, əlavə məktəb tikilib. Yeni tədris ilində 48 məktəb binası şagird və müəllimlərin ixtiyarına verilib. 2019-cu ilin sonunadək isə 80-ə yaxın məktəb binasının tikintisi başa çatacaq”. Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."