Addım-addım ölümə sarı - 5400 SAKİN, İKİYƏ BÖLÜNMÜŞ KƏND, YEGANƏ MAŞIN YOLU
Astaranın Şiyəkəran kənd sakinləri illərdir ki, qəzalı vəziyyətdə olan körpüdən istifadə etmək məcburiyyətindədir. APA TV-nin cənub bürosunun məlumatına görə, körpü sovetlər dönəmində tikilib. Sonuncu - 4-cü dəfə 26 il bundan əvvəl təmir edilən körpünün dayaqları qırılıb. Bu, kənd sakinlərini ciddi şəkildə narahat edir: “Nə maşın çıxa bilir, nə uşaq. Maşın gələndə uşaq gözləməlidir, uşaq gələndə gərək maşın gözləsin. Camaat bir-birinə yol verməyə qorxur”. “Neçə vaxtdır bu körpü qəzalı vəziyyətdədir. Uşaqlar məktəbə getməyə çətinlik çəkir. Çox pis vəziyyətdədir. Alt hissəsi uçubdur”. 7 il bundan qabaq sel suları körpünün dayaqlarını yuyub aparıb. Üst hissəsi də dəmirdən inşa olunub və korroziyaya uğramaqdadır. Hətta sakinlər buradan keçən maşınların təkərləri partlamasın deyə körpünün üzərində olan dəmir çıxıntıları köhnə paltarlarla örtüblər. Bu örtüklər isə qısa müddətdə sıradan çıxır və tez-tez dəyişilməli olur. “Bu körpüdə vəziyyət o qədər acınacaqlıdır ki, hazırda nəqliyyat vasitəsi keçir və biz körpünün necə tərpəndiyini hiss edirik. Hətta elə təəssürat yaranır ki, indi körpü qırılacaq və biz çaya düşəcəyik”. Körpünün altından axan Pensərçay 5400 sakinin yaşadığı kəndi 2 yerə bölür. Bələdiyyə torpaqlarının 70 faizinin yerləşdiyi əraziyə keçmək üçün qəzalı körpüdən istifadə məcburidir. Düzdür, kənddə başqa 2 körpü olsa da, nəqliyyat vasitələrinin keçidi üçün məhz sözügedən körpü nəzərdə tutulub. “Kəndin əkin sahələri demək olar ki, körpünün o biri tayında qalıb. Bu da böyük çətinliklər yaradır, çünki qəzalı vəziyyətdə olan körpüdən kənd təsərrüfatı texnikalarını, yükləri keçirmək çətin olur. Xüsusən də ev tikmək üçün insanların tikinti materiallarını keçirmək çox çətin olur. Körpünün bu başına gəlib yükləri başqa traktorlara yükləyib, bir neçə dəfəyə daşıyırlar. Maliyyə cəhətdən də baha başa gəlir”. “Oğlum üçün ev tikirəm, mişar daşını, maşını 2 hissəyə böldüm, tökdüm maşına, yenə də maşın 5 dənə daşı buradan apara bilmədi. İkinci maşını çayın qırağından çaya saldım, orada da qaldı, üçüncü maşın gəldi, qoşqu ilə güclə onu çıxardı”. Körpü ilə bağlı digər narahatlıq doğuran məsələ isə onun üzərindən qaz xəttinin keçməsidir: “FHN-ə müraciət eləmişik. Oranın əməkdaşları gəlib baxış keçiriblər, şəkillərini çəkib vermişik. İcra Hakimiyyətinin xətti ilə müraciət olunub. Bizə deyilib ki, yaxın vaxtlarda körpünün təmiri nəzərdə tutulur”. Şiyəkəran sakinləri qəzalı körpünün bədbəxt hadisəyə səbəb olmadan əvvəl düzəlməsini istəyir. Amma hələ ki, onlara yalnız ümid etmək qalır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."