141 illik tarixin 14 illik bayramı: Dəmiryolçular peşə gününü qeyd edir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 13 oktyabr - Dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib.

APA TV-nin məlumatına görə, qurumun sədri Cavid Qurbanov Azərbaycanda dəmir yolunun təməlinin 1878-ci ildə qoyulduğunu, inşasının 1880-ci ildə başa çatdığını deyib. İki ilə başa gələn həmin dəmir yolunun uzunluğu cəmi 20 km təşkil edib və Bakı-Suraxanı-Sabunçu istiqamətində yük daşımalarında yararlı olub. Həmin vaxtdan yükdaşımalara olan tələbatın artması dəmir yolunun mərhələlərlə inkişafına təkmilləşməsinə zəmin yaradıb.

Tədbirdə Nabrandakı “Lokomotiv” İstirahət Mərkəzində keçirilən dəmiryolçuların idman spartakiadasının qaliblərinə kuboklar, pul mükafatları və diplomlar, bir qrup dəmiryolçuya “Fəxri dəmiryolçu” döş nişanı və bayram hədiyyələri təqdim olunub.

Xatırladaq ki, 13 oktyabr Dəmir yolu işçilərinin peşə bayramı günü kimi 2005-ci ildən qeyd edilir. Prezident İlham Əliyev 14 il əvvəl bu barədə sərəncam imzalayıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR