1 metr hündürlüyündə qar yağdı, uçqun baş verdi
Son günlər İsmayıllıya yağan güclü qar səbəbindən kəndlərə gedən yollar bağlanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun yüksək dağlıq ərazisində yerləşən kəndlərdə qarın hündürlüyü 1 metrə çatıb. Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah Güyüm kəndlərində qar səbəbindən yollar tamamilə bağlanıb, əhalinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Bu yollarda yalnız yük maşınları ilə hərəkət etmək mümkündür.
Bəzi kəndlərdə qarın ağırlığına tab gətirməyən köhnə elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə evin, tövlənin və yardımçı tikilinin dam örtüyü isə çöküb.
Bundan əlavə İsmayıllı-Lahıc avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində qar uçqunu baş verib. Hündür dağlardan gələn böyük qar kütləsi avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub.
Şahnəzər Bəşirov, APA TV
OXŞAR XƏBƏRLƏR
Aqrar sahənin inkişafı məsələləri müzakirə edilib, təkliflər səsləndirilib
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir