1-ci Vitse-prezidentin köməkçisi: “Devalvasiya əhalinin gəlirlərini...”
Sosial Tədqiqatlar Mərkəzində “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans və “stm.az”saytının təqdimatı keçirilib.
APA TV-nin məlumatına görə, mərkəzin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc fəaliyyət istiqamətləri və görülən işlər barədə danışıb: “Aparılmış sorğular var. Məsələn, təhsil sahəsində bu il ilk dəfə kurikulumun birinci mərhələsinin sonu, iki mərhələli qəbul sistemi. Biz onunla bağlı 85 səhifəlik böyük hesabat sənədi hazırlamışıq. Sosial iqtisadi islahatlarla bağlı məsələni bir qədər geniş götürsək yalnız hansısa artımlarla deyil, antidevalvasiya qərarları, şəhid ailələrini əhatə edən məsələlərlə bağlı böyük bir iş var”.
Dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırmalar aparıldığı diqqətə çatdırılıb.
Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova Azərbaycan dövlətinin keçdiyi inkişaf yolundan bəhs edib: “Cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər əsasında qurulub. Onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsirləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı görmüş olarıq”.
Həyata keçirilən sosial islahatlara toxunan şöbə müdiri mərkəzin yaradılmasının bu islahatların tərkib hissəsi olduğunu bildirib.
Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov islahatların əhalinin maddi vəziyyətinə müsbət təsir göstərdiyini vurğulayıb: “İkiqat devalvasiya baş verdikdən sonra əhalinin real gəlirləri xeyli azalmışdı. 2016-cı ildə inflyasiya ikirəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq, hökumət çox konservativ fiskal siyasət yürütdü. Əsas məqsəd makroiqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əmək haqlarının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir”.
Əmək və əhalinin sosial müdafiəsi (ƏƏSMN) nazirinin müavini Mətin Kərimli bu il minimum əməkhaqqının iki dəfə artdığını vurğulayıb: “Və bu artım 93 faiz əhatə edir. Yəni, 130 manatdan 250 manata qədər minimum əmək haqqı qaldırılıb. Bu da ümumilikdə 1 milyon 350 min nəfəri əhatə edir”.
Özünüməşğulluq diqqət cəlb edən və marağa səbəb olan layihə kimi dəyərləndirilib. İl ərzində 10 min vətəndaşın layihədə iştirak etdiyi açıqlanıb:
“İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub, 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunub”.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 33 milyona yaxın müraciət ünvanlandığını bildirib: “Əhalimiz 10 milyondur. 33 milyon müraciət o deməkdir ki, artıq vətəndaşlarımız dəfələrlə müraciət ediblər. Dövlətin 320-dən artıq xidmətindən yararlanıb”.
“ASAN xidmət”in vəzifəsinin dövlət xidmətlərinin vətəndaşa çatdırılması, vətəndaşların rəyinin də əhəmiyyətli olduğu bildirilib. Bu gün ASAN Xidmətdə 7 istiqamətdə vətəndaşların rəyi alınır.
Tədbir çıxış və təqdimatlarla davam edib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."