Azərbaycan atletinin 3 qızıl medalı ləğv olundu - DOPİNQ QALMAQALI
Dopinq qalmaqalı Azərbaycan atletikasına növbəti dəfə ağır zərbə vurub. Apasport.az saytının məlumatına görə, Albaniyadakı Avropa çempionatının 5 medalından məhrum olan, gələn ay keçiriləcək növbəti qitə birinciliyinə buraxılmayan yığmamızın itirdiyi mükafatların sayı artıb. Buna cəzalanan atletlərin bəzilərinin digər yarışlarda da qazandığı medalların adlarından çıxarılması səbəb olub. Ən ağır zərbəni Azərbaycanın milliləşdirilmiş bolqarıstanlı legioneri Valentin Xristov alıb. Qanında istifadəsi qadağan olunmuş dərman preparatının tapılması iddia edilən idmançının 2013-cü ildə qatıldığı bütün yarışlarda qazandığı nəticələri ləğv olunub. 19 yaşlı Olimpiya medalçımız Avropa çempionatından başqa qatıldığı daha 3 turnirdən diskvalifikasiya edilib. Onun Perunun paytaxtı Limada gənclərin dünya çempionatında qazandığı qızıl medal, təkanla qaldırmada müəyyənləşdirdiyi rekord hesabından silinib. Həmçinin, Polşanın Vrotslav şəhərində baş tutan böyüklərin mundialında da 2 “kiçik” bürünclə 4-cü olan atletin nəticəsi ləğv olunub. Bu siyahıya ötən ilin sonunda Bakıda keçirilən Qran-pri turniri də əlavə edilib. Burada da rəqib tanımayan Xristovun medala layiq olmadığı üzə çıxıb. Millimizin digər bolqarıstanlı legioneri Silviya Angelovanın 2013-cü ildə Avropa çempionatı ilə yanaşı, Qran-pridəki nəticəsinin də üstündən xətt çəkilib. Onun bu yarışda 7-ci yeri tutması isə yığmamızın medal itirməməsinə səbəb olub. Ötən il 2 yarışa qatılan İntiqam Zairovun yeganə itkisi Avropa çempionatının qızıl medalıdır. Qitə çempionluğu ləğv edilən ağır çəkili atletimiz Rusiyadakı Qran-pridə sonuncu olduğundan heç nə itirməyib. Dopinq qalmaqalının digər 2 iştirakçısı – Zülfüqar Süleymanovla Sərdar Həsənov 2013-cü ildə yalnız Tiranda podiuma çıxıblar. Bunun üçün də onların uğur qazandıqları qitə birinciliyindəki nəticələri hesabdan silinib.
OXŞAR XƏBƏRLƏR
18:30
1208
Niderlanda yeni səfir təyin edildi
18:28
1066
Prezident İlham Əliyev Corciya Melonini təbrik edib
14:29
1957
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
14:05
1376
Azərbaycandan Ermənistana növbəti yük yola salındı
18:49
1897
Prezident BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisini qəbul edib
15:11
1139